Bakı, 12 dekabr, AZƏRTAC
Şəhərdə velosiped və elektrik skuterlər kimi mikromobil nəqliyyat vasitələrindən istifadə edilməsi sürətlə artır. Bu nəqliyyat növünün genişlənməsi şəhər hərəkətliliyinə həm müsbət təsir göstərir, həm də yeni çağırışlar yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.
Ekspertin sözlərinə görə, velosiped və skuter kimi vasitələr şəhər mühitinə unikallıq qatır. Çünki şəhər planlaşdırılması aparılarkən bu nəqliyyatın yenilikləri, daxili və xarici tətbiq təcrübəsi nəzərə alınmalı, Azərbaycana uyğunlaşdırılmalıdır.
Aslan Əsədov deyib ki, burada əsas məsələ nəqliyyat infrastrukturunun düzgün bölüşdürülməsidir. Ümumi nəqliyyat axınının, yol hərəkəti prinsiplərinin və təhlükəsizlik qaydalarının balanslı şəkildə qurulması vacibdir. İlk növbədə təhlükəsizlik təmin edilməlidir.
Onun sözlərinə görə, velosiped və skuter üçün xüsusi yol zolaqlarının olmaması ciddi problem yaradır. Belə olduqda sürücülər ya səkidə, ya da avtomobillərin hərəkət zolaqlarında sürməyə məcbur qalırlar. Bu isə həm piyadalar üçün risk yaradır, həm də avtomobillərin hərəkət zolaqlarını daraldaraq sıxlığa səbəb olur. Nəticədə şəhərin dinamikliyi azalır, səs-küy artır, ümumi rentabellik aşağı düşür.
Ekspert vurğulayıb ki, şəhər infrastrukturu qurularkən mikromobil nəqliyyat üçün ayrıca yol açılmalıdır. İlk növbədə, Bakıətrafı qəsəbələrdən şəhərə giriş-çıxış trayektoriyaları, hərəkət intensivliyi və axınlar mütəmadi araşdırılmalıdır. Bu addımlar nəqliyyat infrastrukturunun inkişafına müsbət təsir göstərəcək.