RU

Prezidentin Slovakiya səfəri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələnin əsasını qoyur - Ekspert rəyi

Bakı, 11 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan son illər Avropanın bir sıra ölkələri ilə qarşılıqlı əməkdaşlıq formatlarını genişləndirib, strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirib. Bu sırada xüsusi yer tutan ölkələrdən biri də Slovakiyadır. Prezident İlham Əliyevin bu ölkəyə ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha dərin və sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni istiqamətlər müəyyən edib.

Bunu AZƏRTAC-a açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Slovakiya əməkdaşlığı uzunmüddətli perspektivdə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. 2021-ci ildə imzalanmış “İqtisadi əməkdaşlıq” sazişi çərçivəsində yaradılmış Birgə İşçi Qrup münasibətlərin institusional əsaslar üzərində genişlənməsi üçün mühüm platforma formalaşdırıb.

Fikrət Yusifov qeyd edib ki, 2024-cü ilin sentyabrında Bakıda keçirilmiş Azərbaycan-Slovakiya biznes forumu iki ölkənin hökumət nümayəndələri və işgüzar dairələri arasında əlaqələrin intensivləşməsinə ciddi təkan verib Forum çərçivəsində tekstil sənayesi, turizm, nəqliyyat-logistika, enerji, emal sənayesi və digər sahələrdə birgə layihələrin reallaşdırılması, investisiya həcminin artırılması və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılmış sənaye parklarında iştirakı mövzusuna da xüsusi diqqət yetirilib. Bu əməkdaşlıq həm Slovakiya biznesi üçün yeni imkanlar açır, həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının sürətli bərpasına töhfə verir.

“Prezident İlham Əliyevin Slovakiyaya səfəri çərçivəsində tərəflər enerji təhlükəsizliyi, müdafiə sənayesi və Orta Dəhliz üzrə nəqliyyat inteqrasiyasını strateji prioritetlər kimi müəyyən ediblər. Azərbaycan Avropanın enerji təchizatında etibarlı tərəfdaşdır və yaxın illərdə Slovakiyanın enerji təminatında da ölkəmizin xüsusi rolunun olacağı gözlənilir. Azərbaycan yaşıl enerjinin Avropaya ixracını planlaşdırır və bu istiqamətdə Slovakiya ilə əməkdaşlıq üçün ciddi potensial mövcuddur. Müdafiə sənayesi və nəqliyyat sektorunda əməkdaşlıq hər iki ölkə üçün əlavə imkanlar açır. Orta Dəhliz üzrə inteqrasiya Azərbaycanın tranzit potensialını daha da genişləndirəcək, Slovakiyanın isə Avrasiya nəqliyyat şəbəkəsinə çıxış imkanlarını artıracaq”, - deyə iqtisadçı ekspert vurğulayıb.

O əlavə edib ki, Prezidentin Bratislava səfəri Azərbaycan-Slovakiya münasibətlərində yeni dinamikanın formalaşmasına səbəb olacaq. Bu səfərin nəticələri göstərir ki, Slovakiya ilə əməkdaşlığın dərinləşdirilməsi hər iki dövlətin maraqlarına tam cavab verir və əlaqələrin daha geniş miqyasda inkişafına güclü stimul yaradır. “Hesab edirəm ki, əlaqələr yaxın illərdə daha da intensivləşəcək və Azərbaycan-Slovakiya tərəfdaşlığı yeni, daha dinamik inkişaf mərhələsinə qədəm qoyacaq”, - deyən sabiq maliyyə naziri fikirlərini yekunlaşdırıb.

Избранный
20
azertag.az

1Источники