Gülər Sultanzadə: "Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır"
Bu gün Azərbaycan xalqı böyük dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım gününü qeyd edir. 12 dekabr tarixi, dahi şəxsiyyətin fiziki yoxluğunun ildönümü olmaqla yanaşı, həm də onun zəngin və sınaqlarla dolu həyat yoluna, müstəqil dövlətçiliyimizə verdiyi misilsiz töhfələrə ehtiramın ifadəsidir. Ulu Öndər öz həyatını bu sözlərlə xarakterizə edirdi: "Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram... İnsan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam." Həqiqətən, Heydər Əliyevin taleyi Azərbaycanın XX əsrdə keçdiyi bütün çətinlikləri, şərəfli və dramatik məqamları özündə əks etdirən əbədi bir dastandır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. Təhlükəsizlik orqanları sistemində general-mayor rütbəsinə qədər yüksəlmiş, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. O, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadi göstəricilərə görə SSRİ miqyasında sonuncu yerlərdə idi və əsasən xammal mənbəyi kimi çıxış edirdi. Ulu Öndərin siyasi iradəsi və bacarığı sayəsində bu vəziyyət qısa müddətdə dəyişdi. Həmin illər sənayenin (o cümlədən yüngül sənayenin) və kənd təsərrüfatının ən parlaq inkişaf dövrü oldu, Azərbaycan sürətli inkişaf tempinə malik respublikaya çevrildi. Bu dövr həm də milli-mənəvi dəyərlərin qorunması, mədəniyyət, incəsənət sahələrində ciddi inkişaf meyilləri ilə əlamətdar idi. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin şəxsi cəhdləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və gələcəyi üçün atılmış mühüm tarixi addım idi. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Heydər Əliyev istər SSRİ rəhbərliyində olduğu illərdə, istərsə də sonrakı dövrdə daim prinsipial və mərdanə mövqeyi ilə seçilmişdir. O, 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu yüksək vəzifələrdən istefa verdi. 1990-cı il yanvarın 21-də, sovet rejiminin qadağalarına rəğmən, Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını ittiham etdi. Bu, 20 Yanvar hadisələrinə verilən ilk hüquqi-siyasi qiymət idi. Keçmiş Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı ildə doğma Naxçıvana qayıdan Heydər Əliyev blokada şəraitində olan Muxtar Respublikada sabitliyi təmin etdi və milli dövlətçilik ənənələrini bərpa etdi. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvanın rəsmi bayrağı olaraq təsdiqləndi. Bir il sonra isə (1991, dekabr) Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisində 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul olundu. Ölkənin dərin böhranda olduğu bir vaxtda xalqın tələbi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis edildi və Ulu Öndər onun Sədri seçildi. 1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsi, tənəzzül və məhv olmaq təhlükəsi qarşısında idi. Xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri, həmin ilin oktyabrında isə Prezident seçildi. Ulu Öndər Azərbaycanı böyük bəlalardan xilas edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Hərbi uğursuzluqlarla üzləşən Ermənistanın rəhbərliyi 1994-cü il mayın 12-də Ulu Öndərin siyasi nüfuzu sayəsində atəşkəs haqqında Bişkek protokolunu imzalamağa məcbur oldu. Atəşkəs gələcək ordu quruculuğu və iqtisadi inkişaf üçün həlledici oldu. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Ulu Öndərin dediyi kimi, "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır." Müstəqil dövlətin əsas qanunu olan Yeni Konstitusiya (1995) qəbul edildi. Ulu Öndərin təşəbbüsü ilə Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı, bununla da dilimizin adı özümüzə qaytarıldı. Hüquqi dövlət quruculuğu, təkmil siyasi sistem və davamlı islahatlar Azərbaycanın demokratik inkişaf yolunu təmin etdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsi milli ruhun yüksəlməsinə və xalqın birliyinin təmin olunmasına xidmət edən ideoloji əsasa çevrildi. Onun 1998-ci il 6 avqust tarixli Fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi, bu da ölkədə demokratik ənənələrin dərinləşməsinə xidmət edən tarixi bir addım oldu. Eyni zamanda, Heydər Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ilk Dövlət Proqramları hazırlandı və həyata keçirildi, çadır düşərgələri ləğv edildi. Gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətinə çevrildi (2 fevral Gənclər Gününün təsis edilməsi). Həmçinin, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 1999-cu ildə isə Hərbi Akademiyanın yaradılması ilə peşəkar ordu quruculuğu prosesinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, tükənməz səbri, qeyri-adi yaddaşı, dərin məntiqli nitqi və mahir diplomat keyfiyyətləri onun böyük gücünü təşkil edirdi. O, reallığı düzgün qiymətləndirən, uzaqgörən və prinsipial siyasi xətti ilə ölkənin uğur qazanmasını təmin etdi. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. O, 1993-2003-cü illərdəki fəaliyyəti ilə ölkənin sürətli inkişafının və bugünkü reallıqların dayanıqlı bünövrəsini qoymuşdur. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və tərəqqisinə sədaqətlə xidmətin əyani nümunəsini yaradan Liderin əziz xatirəsi hər zaman ehtiram və minnətdarlıqla yad edilir.
Gülər Sultanzadə Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü.