RU

Dünya azərbaycanlılarının əbədi lideri

Ulu Öndər diaspor quruculuğuna xüsusi önəm verirdi 

Böyük şəxsiyyətlər tarixin sütunlarıdır, deyib Şərqin görkəmli filosofları. Zamanın ən mühüm proseslərini irəli aparan, bu proseslərin mərkəzində dayanan, insanların birliyinə istiqamət verən, dövlətin ideoloji-siyasi əsaslarını yaradan, kütləni xalq kimi formalaşdıran qüdrətli, qətiyyətli liderlərdir. Bu baxımdan XX əsrin ən güclü və ən parlaq şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, ilk növbədə bu missiyanı həyata keçirən lider kimi xidmətləri misilsizdir. 

Bu bir reallıqdır ki, xalqımızın əsrlər boyu formalaşan qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilmişdir. Böyük rəhbər müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, siyasi, iqtisadi, ideoloji əsaslarını yaratmışdır. Ulu Öndər Azərbaycan xalqının güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. 

Bu il Heydər Əliyevin dünyasını dəyişməsindən 22 il ötür. Bu 22 ilin elə bir anı yoxdur ki, böyük rəhbərin irsini, nəcib əməllərini xatırlamamış olaq. 

Heydər Əliyev irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş Ümummilli Liderin öz ömürlüyü ilə yaratdığı tarix deyil. Onun irsi həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol bələdçisidir. Bu irsdən daim öyrənməyə, formalaşdırdığı dəyərləri təbliğ etməyə, gələcək nəsilləri həmin dəyərlər ruhunda yetişdirib tərbiyələndirməyə həmişə ehtiyacımız var. 

Böyük vətənpərvər

Ümummilli Liderin Vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənətində və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı. Heydər Əliyev həmin ağır, gərgin, müxtəlif qadağalarla dolu olan bir zəmanədə Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən müdafiə edir, onların sıxışdırılmasının qarşısını almağa müvəffəq olurdu. Bir sözlə, həmin illərdə biz nadir milli mədəniyyətimizin bütün qatlarını özümüz üçün sanki təzədən açır və yenidən qiymətləndirirdik. 

Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası mənəvi inkişafımızın, Azərbaycanın əbədi müstəqilliyinin təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi, onu zərərli ideyalardan hifz etdi. 

Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Əlbəttə, hər bir ideologiyanın uğuru, ilk növbədə onu irəli sürən güclü liderin özünün göstərdiyi nümunədən asılıdır. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlı idi. Yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrilmişdir, Yer üzündə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirmiş, bu istiqamətdə mühüm addımlar atmışdır.

"Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır" 

Ulu Öndər dünyanın ayrı-ayrı ölkələrində yaşayan yurddaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsini, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunmasını, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin 23 mayında xüsusi sərəncam imzalamışdır. Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-da keçirilən I qurultayında Ümummilli Lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". 

Qurultayda soydaşlarımız arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, xaricdə yaşayan azərbaycanlıların diaspor şəklində təşkilatlanması və yaşadıqları ölkələrdə öz hüquqlarını, tarixi vətənin milli maraqlarını beynəlxalq miqyasda müdafiə edə bilmələri üçün strateji proqram irəli sürüldü. Böyük rəhbərin qurultaydakı nitqi azərbaycançılığın tarixi proqram sənədi idi: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…" Dahi şəxsiyyət Heydər Əliyev böyük ideoloq və dövlət xadimi olmaqla yanaşı, həm də cəmiyyətin gedişatını xüsusi fəhmlə, uzaqgörənliklə təyin edən ən böyük azərbaycanlı idi.  

Bu qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna dərəcədə misilsiz rol oynadı. 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi fərəhlə qeyd etdiyimiz əlamətdar tarixin ideya müəllifi də məhz Ümummilli Liderdir. Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, 1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. 

Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini bütün dünyada təbliğ edirdi. 

Heydər Əliyevin böyük zəhmət bahasına illərlə formalaşdırdığı azərbaycançılıq ideologiyası xalqımızın zəngin mənəvi sərvətidir. Ulu Öndər müstəqil Azərbaycanda dövlət quruculuğunun elə bir konsepsiyasını, dövlətçilik ideologiyasının elə bir məzmununu müəyyənləşdirə bilib ki, burada dövlətçilik dəyərləri Azərbaycanın  qurucularının, maarifçilərinin bir neçə nəslinin ortaya qoyduqları milli ideallar sistemi ilə ahəng yaradır. Burada ideyalar, elmi-fəlsəfi baxışlar düşüncə müstəvisindən əməli siyasət müstəvisinə keçid edir. Ona görə də Heydər Əliyevin dövlətçilik konsepsiyasında, yaratdığı azərbaycançılıq ideologiyasında "Kitabi-Dədə Qorqud" ərənlərindən, Babəkdən, Cavanşirdən, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən, Füzulidən, Şah İsmayıl Xətaidən, Nadir şahdan Mirzə Fətəli Axundzadəyə, Həsən bəy Zərdabiyə, Sabirə, Mirzə Cəlilə, Cümhuriyyət qurucularımıza, Nəriman Nərimanova, Hüseyn Cavidə, Səməd Vurğuna qədər xalqımızın bir çox görkəmli xadimlərinin həyat və fəaliyyətindəki dəyərləri, ali məqsədləri görüb hiss etmək olur. 

Məhz Heydər Əliyevin formalaşdırdığı bu konsepsiya, bu ideologiya sayəsində Azərbaycan xalqının əsrlər boyu yaratdığı fikir dünyası, sağlam düşüncə aləmi bu gün müstəqil dövlətimizin inkişafında yeni nailiyyətlərə yol açır. 

     

Ali məqsədlər naminə 

Müstəqil Azərbaycanın milli dövlət ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. Bu baxımdan ölkənin konstitusiya quruculuğu da milli dövlət ideologiyasının əsasını təşkil edir.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu. Müstəqillik aktı 1991-ci ildə qəbul edilsə də, onun hüquqi əsasını təşkil edən Konstitusiya 1995-ci ildə işlənib hazırlandı. Bunun bir səbəbi keçmiş "Dağlıq Qarabağ problemi" ilə bağlı idisə, digəri müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar edilməsinə mane olan məlum hadisələrin baş verməsi ilə əlaqədar idi.

1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə bir sıra mühüm addımların atılması ilə nəticələndi və həmin dövr, əslində, Azərbaycanın yeni tarixinə müstəqil dövlət quruculuğu prosesinin başlanğıc mərhələsi kimi daxil oldu. Ayrı-ayrı silahlı dəstələrin ləğvi və aqressiv müxalifət qüvvələrinin zərərsizləşdirilməsi hakimiyyətə ölkənin ictimai-siyasi həyatının bütün sahələrinə qanun çərçivəsində nəzarət etmək imkanı verdi və buna görə də sonrakı mərhələdə respublikanın ümumi mənafelərinə xidmət edən mühitin yaradılması mümkün oldu.

1995-ci ilin may ayında Milli Məclisin iclasında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci il iyun ayının 5-də ilk iclasını keçirdi. Komissiyanın iclasında geniş nitq söyləyən Heydər Əliyev bir sıra dəyərli tövsiyə və məsləhətlərini verdi. "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun... Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır", - deyən Ulu Öndər Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişindən, milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.

Ulu Öndər Heydər Əliyev müstəqillik Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalmış və reallaşmamış arzusunun və tarixi vəzifəsinin gerçəkləşməsinə, həm də dövlətimizin sabit, firavan, əhalisinin rifah halında yaşadığı və müstəqilliyinin dönməz olduğu gələcəyə qədəm qoyması yolunda qanuni əsasların yaradılmasına nail olmuşdur..

Dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri hüquqi sistemin təkmilləşdirilməsi ilə bağlı idi. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanmasına müvəffəq olmuşdur.

Konstitusiyada ali hakimiyyətin xalqa məxsus olduğu bildirilir ki, bu da Azərbaycanın məhz demokratik yolla inkişafının qaçılmazlığını nəzərdə tutur. Əsas Qanunumuzda öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək xalqımızın suveren hüququ kimi təsbit olunur.

Konstitusiyada dövlətin əsas vəzifələri, Azərbaycanın başqa ölkələrlə münasibətlərinin hansı prinsiplər üzərində qurulması öz əksini tapmışdır. Diqqətçəkən ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, insan hüquqlarının qorunmasının zəruriliyi Əsas Qanunumuzda kifayət qədər aydın şəkildə göstərilib və bu, prioritet vəzifələrdən biri kimi xarakterizə edilib.

Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipləri dəqiq şəkildə verilmişdir. Ana dilimizin qorunması və inkişafı da müvafiq qanunvericilik aktları və Konstitusiya ilə tənzimlənir. 

Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində çox geniş təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında deyilir: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir".

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tariximizin bizim qarşımızdakı tələbi idi. İndi tam əsasla deyə bilərik ki, Əsas Qanunumuz tariximizin ilk və yeganə müstəqillik Konstitusiyasıdır!

Diaspor quruculuğu: fikirdə, əməldə birlik

Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. Soydaşlarımızla görüşlərinin birində böyük rəhbər deyirdi: "... Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər... Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir".

Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı kamil bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə ciddi fikir verir.

Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət böyük rəhbərin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Ümummilli Liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu xalqın milli mənlik şüurunu, özünüdərk hissinin, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyev bütün ömrünü Azərbaycan üçün yaşamışdı - bu xariqüladə şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. İstər sovet dövrü olsun, istərsə də müstəqillik illəri, fərqi yox idi - Heydər Əliyev hər zaman və hər yerdə Vətən üçün çalışır, həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. 

Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməkdədir. Müasir dünyamızın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu sahəsində mühüm addımlar atılır. Dövlət rəhbərimizin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu addımlardan biridir. Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Qələbəmizin simvolu olan Şuşada - mədəniyyət paytaxtımızda Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin milli yaddaşına fəxarət hissi kimi əks olundu. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi. 

Neçə illərdən sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin bu ümidinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Eyni zamanda bu gerçəklik bir daha öz təsdiqini onda tapdı ki, Heydər Əliyevin dövlətçilik amalları məsuliyyətlə, yüksək səviyyədə yerinə yetirilir. Bu böyük dövlət adamının yarımçıq qalmış arzuları həyata keçirilir. Azərbaycan Prezidenti bununla bağlı çıxışında dedi: "Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik..." 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
55
azerbaijan-news.az

1Источники