RU

2026-cı ilin dövlət büdcəsi:Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritetdir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələrin miqyası, əhatə dairəsi çox genişdir. Bu faktı həmin ərazilərdə səfərlərdə olmuş xarici ölkələrin nümayəndələri də öz açıqlamalarında dəfələrlə bəyan ediblər. Təkcə bir faktı qeyd edək ki, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə müxtəlif obyektlərlə yanaşı, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanları da istifadəyə verilib. Bu da o deməkdir ki, beş il ərzində ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsində ağlasığmaz nəticələr əldə edib. Bu gün həmin hava limanlarına azad olunmuş şəhərlərimizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin iştirakçılarının, dünya liderlərinin gəldiyi təyyarələr eniş edir.

Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Bu günədək işğaldan azad olunmuş və abadlaşdırılan 6 şəhər, 2 qəsəbə və 22 kəndə insanlar geri qayıdıblar.  İndi azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır.  Bu da o deməkdir ki, Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə da uğurla davam edir. Bununla da azadlığına qovuşan Qarabağ və Şərqi Zəngəzurun hər şəhərinə, kəndinə yeni nəfəs gətirirlir.  Şübhəsiz, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirir. Bu mənada Prezident İlham Əliyevin "Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən Böyük Qayıdışın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır" sözləri bir reallıqdır. Bəli, indi Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. 30 ilə yaxın əsarət altında qalan bu ərazilər Qayıdış sayəsində cənnətməkana çevrilir. Yeri gəlmişkən qeyd edək ki, bütün bunları dövlətimizin min bir əzab-əziyyətə qatlaşan məcburi köçkünlərə verdiyi dəyər kimi dəyərləndirmək olar.

Azərbaycan gələn il də bu missiyanı uğurla davam etdirmək niyyətindədir. Belə ki, Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında bildirib ki, ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026-cı il – 3,5 milyard manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib. Bu da 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramının durmasından bir daha xəbər durur. Bu, həm də onu göstərir ki, bu gün də əsas investisiya layihələrinin ünvanı məhz 5 il öncə azad edilmiş və hazırda yaşıl enerji zonasına çevrilən Qarabağ və Şərqi Zəngəzurdur.

Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında da Sərəncam imzalayıb. 2027-2030-cu illəri əhatə edəcək bu proqram çərçivəsində yüz minlərlə soydaşımız bir zamanlar ermənilərin viran qoyduğu əzəli torpaqlarına qayıdacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
13
ikisahil.az

1Источники