RU

Sosial rifahı təmin edən strateji kurs

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir

Möhkəm təməl dayanıqlı inkişafın təmin edilməsində əsasdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur. İqtisadiyyatın düzğün əsaslar üzərində qurulmasının nəticəsidir ki, ölkəmiz daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. İqtisadiyyatın rəqabətqabiliyyətinə görə Azərbaycan öncül ölkələr sırasındadır. 2003-cü ildən etibarən qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətin sükanı arxasına keçdikdən sonra hədəfləri açıqlayarkən bildirib ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu məqsədə nail olmaq üçün öncə regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi bildirildi.

Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində atılan addımlar uğurlu nəticələrdə özünün aydın ifadəsini tapır. Belə ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb. Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiq edilməsi ilə təmin olunub. Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı uzun illər ərzində neft gəlirlərinə əsaslanan model üzrə formalaşıb. Lakin yaşadığımız əsrin ikinci onilliyindən başlayaraq dövlət siyasətinin əsas istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dayanıqlı inkişafıdır. Qlobal enerji bazarındakı qiymət dalğalanmaları, neft sektorunun məhdud məşğulluq yaratması və iqtisadiyyatın davamlılıq tələbləri bu istiqamətdə dönüşü zəruri edib. Qeyri-neft sektorunun inkişafının əsasında ilk növbədə institusional islahatlar dayanır. Vergi və gömrük sisteminin sadələşdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, elektron xidmətlərin genişləndirilməsi biznesin qarşısındakı maneələri azaldıb. Vergi yükünün optimallaşdırılması, şəffaflığın artırılması və vergi güzəştlərinin tətbiqi xüsusilə kənd təsərrüfatı və sənaye sahələrinə investisiyaları stimullaşdırıb. Qeyri-neft sektorunun yüksəlişində sənaye parkları və məhəllələrinin rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın tranzit ölkə kimi mövqeyinin güclənməsi – Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri – logistika xidmətlərini ölkənin iqtisadi artımının yeni mühərrikinə çevirir. Bu infrastruktur həm ticarət dövriyyəsinin artmasına, həm də qeyri-neft ixracının genişlənməsinə şərait yaradır. Bu arada “Moody's” beynəlxalq reytinq agentliyi də bildirir ki, Azərbaycanın nəqliyyat-logistika qovşağı kimi potensialı iqtisadi şaxələndirmə üçün əlavə imkanlar yaradacaq. Agentliyin məlumatına görə, ölkənin Orta Dəhlizin əsas həlqəsi kimi güclənən rolu, həmçinin Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafı uzunmüddətli iqtisadi perspektivləri dəstəkləyir və diversifikasiya potensialını gücləndirə bilər. “Moody's” Azərbaycanda real ÜDM-in 2024-cü ildə 4,1 faiz artımından sonra 2025-ci ildə 1,5 faizə qədər yavaşlamasını proqnozlaşdırır. Bu, yüksək baza effekti və qlobal ticarətdə qeyri-müəyyənlik və geosiyasi dəyişkənlik fonunda xarici konyunkturanın zəifləməsi ilə bağlı risklərlə əlaqədardır. Ortamüddətli perspektivdə agentlik qeyri-neft sektorunun artımının nəqliyyat-logistika sahəsində imkanların və fəallığın artması ilə dəstəklənəcəyini gözləyir. Orta Dəhliz daxil olmaqla əsas marşrutlar investisiyaları cəlb etməyə və iqtisadiyyatın müxtəlif sektorları üçün müsbət əlavə effektlər yaratmağa davam edir.

“Moody's”, həmçinin qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri böyük həcmli kapital qoyuluşları və tikinti fəaliyyəti hesabına iqtisadi dinamikaya təkan verir. Paralel olaraq külək və Günəş enerjisi sahəsində layihələrin inkişafı xarici investisiya axınına töhfə verir və gələcəkdə təmiz enerji ixracından gəliri təmin edə bilər. Rəqəmsallaşma qeyri-neft sektorunun uzunmüddətli inkişaf strategiyasının əsas elementidir. Xüsusilə “Azərbaycan 2030” strateji baxışı çərçivəsində yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya üzrə yeni istiqamətlər prioritet elan olunub. Azad edilmiş ərazilərin bərpası qeyri-neft sektoruna yeni dinamika gətirir. Kənd təsərrüfatı, turizm, enerji, sənaye məhəllələri, yaşıl enerji zonaları regionu yaxın illərdə Azərbaycanın ən sürətlə inkişaf edən iqtisadi məkanına çevirə bilər. Zəngəzur dəhlizinin açılması isə regionlararası ticarət həcmini ciddi şəkildə artıracaq. Qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi təhlükəsizliyini, dayanıqlı artımını və sosial rifahını təmin edən strateji kursdur. İslahatlar, infrastruktur yatırımları, rəqəmsal transformasiya və regional inkişaf layihələri ölkəni tədricən neftdən asılılıqdan uzaqlaşdırır. Qarşıdakı illərdə əsas məqsəd yüksək əlavə dəyərli istehsalın genişləndirilməsi, ixracın şaxələndirilməsi və innovasiyaya əsaslanan iqtisadi modelin möhkəmləndirilməsi olacaq. Qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi təhlükəsizliyi və uzunmüddətli dayanıqlığı üçün strateji zərurətdir. Son illərdə həyata keçirilmiş islahatlar, infrastruktur layihələri, investisiya təşviqləri və insan kapitalının gücləndirilməsi bu sahənin sürətli inkişafına real əsas yaradır.

Qeyd edək ki, 2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15 faiz artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36 faiz artıb.

Sevinc Azadi, “İki sahil”

Избранный
20
ikisahil.az

1Источники