RU

Bağa baxsan, yetişib bağ dolu barın olacaq

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zakir BAYRAMLI​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

QƏZƏL

Bağa baxsan, yetişib bağ dolu barın olacaq,

Əkdiyin hər bir ağac sevgili yarın olacaq.

Dik tutub başını hər işdə güvənsən özünə,

Fəth edib zirvəni, dağ boyda vüqarın olacaq.

Ehtirasdan yaranan odlu məhəbbət diləsən,

Elə zənn etmə bu eşq daimi varın olacaq.

Bülbülə qibtə edib girmə gülün bağçasına,

Dolaşıb gül koluna, sinədə xarın olacaq.

Arzulardır aparan insanı daim irəli,

Kamına yetmək üçün güclü axarın olacaq.

Gər həyat eşqinə sadiq yaşayıb, ömr eləsən,

Bütün ömrün uzunu güllü baharın olacaq.

Zakir, aldansan əgər şöhrətə, dünya malına,

Fani bu dünya sənin naleyi-zarın olacaq.

RÜBAİLƏR

Sən elə gözəlsən mənim gözümdə,

Görmək istəyirəm səni özümdə.

Durub vəsf eləsəm bu gözəlliyi,

Gözün məndə olsun, fikrin sözümdə.

lll

Tənha bir bulağam, bir dayan, əylə,

Tək qoymaq olarmı heç məni böylə?

Dinlə zümzüməmi, otur yanımda,

Mənə ürəyindən keçəni söylə.

lll

Sözümə can dedin, canım odlandı,

Şəkərim söylədin, ağzım dadlandı.

O qədər sehrinə düşdüm sözlərin,

Məsti-xumar oldum, ağlım aldandı.

lll

Becərib könlümdə güllər bitirdim,

Yarı gül bağıma qonaq gətirdim.

İstədim doyunca alım ətrini,

Qarışdı güllərə, onu itirdim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
525.az

1Источники