RU

"3+3" görüş yeri mübahisəsi: Ekspert İrəvanın tələbini "ənənəvi erməni PR-ı" adlandırdı – ÖZƏL

Ermənistan Xarici İşlər Nazirliyi "3+3" formatında regional görüşün yeri ilə bağlı müzakirələrin davam etdiyini bildirib və görüşün Bakıda və ya İrəvanda keçirilməsini təklif edib.
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun əvvəlki açıqlamasına görə, Bakı görüşün əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsini təklif etmiş, lakin İrəvan bu ardıcıllıqla razılaşmamışdı. İran xarici işlər naziri isə Azərbaycanın təklifini dəstəkləmişdi.

Siyasi şərhçi Əli Mustafa Olaylar.az-a  bildirib ki, belə bir müzakirə və diskussiya mövcuddur. Azərbaycan tərəfi üçtərəfli - "3+3" formatında növbəti görüşün Azərbaycanda, Bakıda keçirilməsini istəyir. Ermənistan tərəfi isə bununla razılaşmır və hesab edir ki, əvvəlki görüş öncə Ermənistanda keçirilməli, sonra Azərbaycanda baş tutmalıdır. Bu, müəyyən mənada psixoloji məsələdir. Digər tərəfdən, hazırda Ermənistanda siyasi "qazan" qaynayır, qarşıda seçkilər gəlir və bu da hakimiyyət üçün müəyyən məsuliyyət, gərginlik yaradır. Amma məsələnin başqa tərəfi də var. Hətta belə düşünmək olar ki, erməni tərəfi ənənəvi davranış tərzini nümayiş etdirərək çalışır ki, görüşün Ermənistanda keçirilməsini öz cəmiyyətlərinə "Azərbaycan bizim ayağımıza gəldi" kimi təqdim etsin. Yəni bu, bir növ ənənəvi erməni PR-ıdır.

Ekspert qeyd edib ki, gələn il Avropa Siyasi Birliyinin növbəti toplantısının da Ermənistanda keçiriləcəyi nəzərə alınmalıdır. Normalda Ermənistan başa düşməlidir ki, Azərbaycan qalib dövlətdir və bölgənin lideridir. Biz indi onların siyasi həssaslıqlarını nəzərə alırıq, amma bu, o demək deyil ki, məğlub dövlət diktə edən tərəf rolunda çıxış etməlidir. Onlar bunu anlamalıdırlar. 
Azərbaycanın təklifi qəbul edilməlidir. Hətta əgər üçtərəfli formatda Xarici İşlər nazirlərinin görüşü Azərbaycanda keçirilərsə, gələn il Ermənistanda baş tutacaq Avropa Siyasi Birliyinin toplantısında Azərbaycan tərəfi müəyyən səviyyədə iştirak edə bilər. Yəni burada Azərbaycanın mövqeyi haqlıdır və düzgün müdafiə olunur.

"Paşinyan hökumətinin məsuliyyətinə gəlincə, onlar bütün bunları öz cəmiyyətlərinə izah etməyə çalışmalıdırlar. Ermənistan cəmiyyəti başa düşməlidir ki, bölgənin əsas gücü Azərbaycandır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə ən çox ermənilərin xeyrinədir. Çünki bizim onların qarşısında çox hüquqi və siyasi tələblərimiz, qisas haqqımız var. Əgər biz bütün bunları bir kənara qoyub, 30 il ərazilərimizi işğalda saxlayan, hər cür cinayətlər törədən bir dövlətlə yenidən sülh və əməkdaşlıq xəttini seçiriksə, bu, onsuz da böyük bir güzəştdir.
Biz haqlı tərəfik və üstəlik güclüyük. Normalda Ermənistanın törətdiklərindən sonra Azərbaycan daha sərt addımlar ata bilərdi və indi də ata bilər. Amma bütün bunları bir kənara qoyub barış mühiti yaratmağa çalışırıq, əməkdaşlığa şərait yaradırıq. Artıq Azərbaycanın neft məhsullarının Ermənistana verilməsinə razılıq var. Azərbaycan ərazilərindən Ermənistana yüklərin daşınmasına icazə verilib. Bunların hamısı qalib tərəfin jestləridir və kifayət qədər böyük addımlardır. Ermənistan tərəfi bunu anlamalıdır. Hətta onların nümayəndələrinin Azərbaycana gəlməsi belə, özü-özlüyündə böyük güzəştdir. Düşünürəm ki, Ermənistanın necə düşünməsindən asılı olmayaraq, Azərbaycan tərəfinin iradəsi bu prosesdə üstün olmalıdır," - deyə ekspert əlavə edib.

Ə. Mustafa bir məqamı da vurğulayıb: "3+3" formatının təşəbbüskarı elə Azərbaycandır. Bu təklifi Azərbaycan və Türkiyə irəli sürüb. Ona görə də bütün üstünlüklər bizim tərəfimizdədir və mən hesab edirəm ki, bu məsələdə Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli, görüşdə iştirak etməlidir. Sonrakı tədbirlərdə isə Azərbaycan da Ermənistana gedib iştirak edə bilər.
Seçkilərə hələ altı aydan çox vaxt var. Bu müddətdə Azərbaycan tərəfi Ermənistan üçün əlavə jestlər etmək imkanına da malikdir. Zaman kifayət qədərdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
41
olaylar.az

1Источники