RU

Qərar var, icra yoxdur – Piyada səkiləri niyə bərbad haldadır?

Küçələrdə piyadalar üçün yaradılan şəraitin əlverişli olması mövcud tıxacların qarşısını almaqda da bilavasitə rol oynayır. Çünki piyada keçidlərinin olmadığı yollarda insanlar avtomobil yolundan istifadə edir ki, bu da ya qəzaya ya da tıxaca səbəb yaradır. Ancaq müşahidə edilən vəziyyət isə ürəkaçan deyil.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevin sözlərinə görə, Bakıda hazırki şərait acınacaqlıdır:

Ekspert:

Ekspert bildirib ki, piyada səkiləri bərbaddır: “Küçələrimiz funksional olmalıdır. Dövlətin buna münasibəti bəllidir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün “Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən (Tədbirlər Planının 8.1.6.7-ci bəndinə uyğun olaraq) Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. Qərar 2025-ci ilin yanvarında verilib, artıq  dekabr ayıdır, 1 metr səki belə abadlaşmayıb. Bəli, bu növbəti 4 il üçün nəzərdə tutulub, ancaq söhbət ondan gedir ki, bu metro, dəmiryolu tikintisi deyil ki, uzun zaman alsın. Şəhərin şimalından cənubuna, şərqindən qərbinə gedən istənilən küçə, prospektdə səkimiz yoxdursa, davamlı deyilsə, baryerlidirsə, səki ilə gedəndə qarşımıza dirək çıxırsa, köşk çıxırsa, köşkün soyuducuları çıxırsa, problem budur. Bu istiqamətdə danışıb, məsələnin həllinə nail olmalıyıq. Səkinin abadlaşdırılması niyə bu qədər uzun çəkməlidir?  Səki abadlaşmırsa, insanlar üçün keçidlər qısa deyilsə, cəmiyyətdə yaranan vərdişlərə birbaşa təsir edəcək”.

 

R.Ağamirzəyev şəraitin yaradılmadığı təqdirdə xaotik vəziyyətin, insanların yanlış vərdişlərinin də davam edəcəyini bildirib: “Ancaq şərait yaradılarsa, qısa keçidlər təmin olunarsa, insanlar bu keçidlərə uyğun hərəkət edəcəklər. Biz hər bir vasitə ilə sanki bundan yan keçirik. Səbəb qalır nəticə ilə mübarizə aparırıq. Böyük bir piyada axını var, ancaq bu axının ehtiyacını ödəyən səkilər abadlaşmır. Son illər ərzində  görülən müsbət layihələr sırasında Vağzal meydanını, Xaqani bağının abadlaşdırılması, İslam Səfərli küçəsinin abadlaşdırılmasını saymaq olar. Ancaq mənim nəzərdə tutduğum küçələr boyu səkilərin abadlaşdırılmasıdır və küçələrdə keçidlərin təmin olunmasıdır. İnsanları avtomobildən fərdi nəqliyyata, mikromobilliyə yönəldiriksə, buna müvafiq olaraq piyada infrastrukturu da sürətlə abadlaşmalıdır. Piyada öz ehtiyacını ödəməkdən ötrü  küçənin  bir tərəfindən digər tərəfinə keçmək üçün  uzun məsafə qət etməməlidir. O, qısa yol axtaracaq, bu zaman da qəzalarla nəticələnən hadisələr baş verə bilər. Bunun qarşısını almağın yolu abad, rəvan səki və qısa keçidlərdir. Bu təxirə salınmadan aradan qaldırılmalıdır ki, həssas  qrupların hərəkətindəki baryerlər aradan qalxmış olsun. Burada bir sıra həllər tətbiq olunmalıdır. İşıqforların səsli işləməsi, həmçinin taksiplitələrin düzülməsi və s. Taksiplitələr düzülmürsə, bunun da optimal variantı mövcud səkinin örtüyünün üzərinİ iki komponentli boya ilə boyayaraq həmin effektin verilməsidir. Əlavə vəsait xərcləmədən, söküntü etmədən bu işi icra etmək olar. Bu da qısa zamanda həmin yerdə azmobilli insanlar üçün şərait yaratmış olur. Ümumi olaraq da şəhərdə görüləcək işlər var. Bunlar antidiplərdir ki, dayanacaq sahəsini parkinq sahəsindən ayırır. Antidiplər, yol kənarlarında və piyada zonalarında avtomobillərin dayanmasının, park etməsinin və yolun kənarına çıxmasının qarşısını almaq üçün quraşdırılan fiziki maneələrdir. Həmin dayanacağın önündəki səki daşlarının kassel bordürları ilə əvəzlənməsi vacibdir. Bu da avtobusun maksimum yan almasını təmin edir. Bordür hesabına və müasir aşağı gövdəli avtobusların hesabına inklüzivlik təmin olunur. Əgər hansısa dayanacaqlarda səviyyə fərqi varsa, burada Vyana platformaları qurulur. Həmin hissənin, avtobus dayanacaq  hissəsindən daha hündür, digər sahələrin aşağı olmasına baxmayaraq bu platformalar  həmin o səviyyə fərqi panduslarla aradan qaldırır və inklüzivlik təmin edilir. Keçidlərdə, məhəllə girişlərində  keçidlərin səki səviyyəsinə qaldırılması kimi həllərin olması nöqtəvi həllərdir və təxirə salınmadan icra edilməlidir. Çünki  ümumi infrastrukturda hansısa bir yenidən yol tikilmir, müəyyən yolun hissələrində nöqtəvi həllərlə inklüzivliyi təmin etmək olar. Şəhərimizin hər kəsə əlçatan olması üçün bu işlərin görülməsi vacibdir”.

 

Şəhanə Quliyeva

Tarix: 11 Dekabr 2025, 15:54   
Избранный
68
pravda.az

1Источники