RU

Hər şeyə lənət oxuyub kənara çəkilmək istəyirsən ELÇİN MİRZƏBƏYLİ

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

…Ölkədə kimsə ağzını açıb bircə kəlmə fərqli fikir söyləyə bilmir. Fərqi yoxdur siyasətçi olsun, ədəbiyyatçı, yaxud iş adamı… Elə bir hala salırlar ki, hər şeyə lənət oxuyub kənara çəkilmək, qarğa-quzğun sürüsünün cəmiyyəti necə paramparça etdiyinə kənardan, yüz, bəlkə də min kilometrlərlə uzaqdan baxmaq istəyirsən. Amma bacarmırsan.

Ayaq barmaqlarının ucundan saçına kimi ağrayırsan, çilik-çilik olursan, lakin yenə də doğru bildiklərini dilə gətirmək məcburiyyətində qalırsan.

Bəzən axına qarşı gedərək həqiqətləri deyən, doğru bildiyini, faydalı hesab etdiyini söyləyən, yazan, kütlənin neqativ enerjisini, haqlı-haqsız aqressiyasını öz üzərinə çəkən, nəsillər və sosial təbəqələr arası bağları qırılmağa qoymayan 5-10 aydını var bu ölkənin. Onların da günü söyüşün, təhqirin, kütləvi linçin “çarmıxında” keçir.

Bir kimsə hansısa probleminin, çatışmazlığının, natamamlığının səbəbini özündə və Əlahəzrət Faktda axtarmır. Hamı günahkardı, ondan başqa…

…Sizinləyəm, əziz həmvətənlər, sosial şəbəkə “fenomenləri”, kompüterindən, smartfonundan dünyaya kin püskürən “neqativ enerji qəhrəmanları”. Heç özünüzə kənardan baxmısınız? Bu qədər qəzəbi, nifrəti içinizdə necə daşıyırsınız? Nə yeyib, nə içirsiniz ki, içinizdəki qəzəb və nifrətdən, nəhayətsiz aqressiyadan çatlamırsınız? Bəlkə rəhmə gəlib bizə də deyəsiniz, altında əzildiyimiz, bizə əzab verən, ruhumuza divan tutan nəsnələrə qarşı immunitetimiz yaransın…

Onsuz da insan ömrü getdikcə qısalır. Mənə görə Azərbaycanda real göstərici, ən yaxşı halda 60-70 il olar. Bunun da 20 ilini şəxsiyyətin formalaşması, yaxud formalaşmamasına çıxdaş etsək, qalır 40-50 il. Elə adamlar tanıyıram ki, təxminən 15-16 ildir sosial şəbəkələr vasitəsilə ətrafa zəhər səpələyir. Təsəvvür edin, məsələn, feysbuk açılanda 30 yaşı olan birinin indi 47 yaşı var. Allah hər kəsə uzun və sağlam ömür versin, heç kim ömür bağının harada və nə zaman qırılacağını bilmir. Və sonunu bilmədiyin, hər an başa çatacaq bir ömrün ən gözəl 15-16 ilini dünyaya nifrət və aqressiya püskürməklə keçirirsən. Gözün smartfonun, yaxud kompüterin ekranında, sosial şəbəkələri alt-üst edirsən, nəfəs almadan, sənə rahatlıq verməyən “kim nə deyib”, yaxud “nə yazıb”, “necə bir şəkil və ya videogörüntü paylaşıb” suallarının basqısı altında virtual aləmin neqativ, mənfi enerji daşıyan bir zərrəciyinə çevrilirsən… Xəfif bir təbəssüm də qıcıqlandırır səni. Və beləliklə hamının həyatını yaşayırsan, amma öz həyatın olmur. Tanrının sənə bəxş etdiyi, qiymətsiz dəqiqələri boşuna, özünə, doğmalarına və daha geniş anlamda insanlığa deyil, Markın, yaxud bir başqasının yaratdığı, məhvi bir düyməyə bənd olan “reallıqlara” xərcləyirsən. Buna görə hətta pul da ödəyirsən… Yəni pul verib ömrünü xərcləyirsən…

Günlərin birində qəzəbin, kinin alt-üst etdiyi vücudunun sağlamlığı üçün Allahdan imdad diləyəndə, içindəki səs qəhqəhə çəkərək, “sənin tanrın Markdır” deyir…

Sonuncu çıxan

Təxminən 22 il öncə qələmə aldığım köşə yazılarımdan birində Berlin divarı söküldükdən sonra şəhərin şərqini tərk edənlərdən birinin geridə buraxdığı divar yazısından söz açmışdım. Berlinin şərqindən qərbinə qaçan kimliyini bilmədiyimiz şəxs özündən sonra gələnlərə müraciətlə “Sonuncu çıxan işığı söndürsün” tövsiyyəsini “miras” buraxmışdı… Bu divar yazısını, son 22 ildə bir neçə dəfə xatırlatmışam. Və bu gün də mənə elə gəlir ki, bu 4 sözdən ibarət cümlənin yükü nəhəng bir əsər böyüklükdədi…

…Kimsəni ittiham etmək istəmirəm. Amma həvəsdir, bəsdir. Hər şeyin bir əndazəsi, hüdudu var. Təhqir, söyüş, qarğış, kütləvi lənətləmə və linç kampaniyaları bizə yaxşı heç nə vəd etmir. Özümüzü istənilən mövzuda sivil müzakirələrə hazırlamalı, cəmiyyətimizin intellektual və mədəni səviyyəsini yüksəltməli, yalnız faktların müqayisəli şəkildə təqdimatıyla, arqumentlərlə mövqeyimizi ifadə etməliyik.

…Bu qədər. Açın nəfəslikləri, havanı dəyişmək lazımdır!

Elçin Mirzəbəyli – “Tanrısı Mark olanlar”

03 noyabr 2021-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
icma.az

1Источники