Son illər Naxçıvan Muxtar Respublikasında diqqət çəkən, lakin özünü doğrultmayan tendensiyalardan biri də rəhbər vəzifələrə, xüsusən, Bakı şəhərindən kadrların gətirilməsidir. Sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin dilinin əzbərinə çevrilmiş “Naxçıvanda kadr yoxdur” yanaşması da, bir tərəfdən Bakıdan tanış-bilişin vəzifəyə gətirilməsinin yolunu açmaq, bir tərəfdən öz uğursuzluqlarını-“yerli kadrlar işləyə bilmir” fikrini formalaşdıraraq “sığortlamaq”, digər tərəfdən isə müstəqillik illərində yetişən idarəçilərin hər birini Naxçıvandan deport etmək məqsədini güdürdü… Halbuki, Naxçıvanda yetişib formalaşan yüzlərlə yerli kadr bu gün paytaxta dövlət idarəçiliyinin üst pillələrində uğurla fəaliyyət göstərirlər.
Bəs, Bakıdan Naxçıvana gələn və yaxud gətirilən kadlar niyə lazımı effekti vermir? Aydınlaşdıraq:
1.Çünki son 3 ildə gələnlərin bir çoxu özünü bu regionda müvəqqəti rəhbər və ya turist hesab edir. Ya əvvəlki vəzifəsində özünü tapa bilməyib, ya da Naxçıvanı özlərinin karyera düşüşü təhlükəsi və bir sıra hallarda saplandıqları korrupsiya bataqlığından çıxış yolu və yaxud Bakıya yaxşı vəzifəyə qayıdış üçün tranplin görürlər;
2.Bölgəni, onun sosial-iqtisadi durumunu, inkişaf istiqamətlərini, insanlarını və onların mənəvi-psixoloji vəziyyətini bilmir, yerli əhalini tanımır, bunarı bilənə qədər isə azı 3-4 il vaxt keçir;
3.Bir çoxu kabab qoxusuna gəlir, qaz vurub, qazan dolduracaqlarını düşünürlər. Amma Naxçıvan reallıqları fərqlidir. Burda illərdir çalışan yerli məmurların 99 faizi həmişə quru maaşa işləyiblər, hər hansı digər gəlir yerləri olmayıb.
4. Bakıdan Naxçıvana gələnlər kirayə və yaxud daimi mənzil, övladları üçün yaxşı yaşayış, təhsil, qapalı-blokada mühitində yaşamaq kimi sosial məsələləri unutduqlarından tezliklə geri dönmək barədə düşünməyə başlayırlar, “çamadan modu”nda olurlar. AZAL-ın həftəlik planını doldururlar…
5. Əksəriyyətinin isə idarəçilik təcrübəsi yoxdur. Elə əsas məsələ də bunun başındadır. Naxçıvana gələnə qədər hansısa nazirlikdə 3 ay şöbə müdiri işləyən və ya heç işləməyən, bəzi hallarda özünü belə idarə edə bilməyən kadrlar böyük nazirlik və komitələri necə idarə edə bilərlər?! Etiraf edək ki, vəzifəyə gətirilənlərin içində elələri var ki, bir il fasiləsiz bir orqanda duruş gətirə bilməyiblər. Ordan bura, burdan ora yuvarlanıblar, indi isə Naxçıvanda strateji qurumların başındadırlar! İş və şəxsi mənada kifayət qədər səhvlərə yol verirlər…
6.Digər bir məslə isə işə ayrılan vaxtdır. Gələnlər ayın demək olar ki yarısını Bakıda, digər yarısını isə Naxçıvanda keçirirlər. Bir çoxunun ailəsi Bakıda yaşadığından gəlib-getməyə məcburdular. Bura bayram günlərini və məzuniyyəti də əlavə etdikdə Naxçıvana ayrılan vaxt il ərzində 6-7 ayı keçmir!
Təbii ki, gələn kadrların içində işinin peşəkarı olan, özünə və karyerasına hörmət edib səylə çalışanları da var. Ancaq belə kadrlar azdır. Və yenə də söhbət gəlib kadrların düzgün seçimində dayanır ki, bir çox hallarda bu məsələlərdə vaxtılə ciddi səhvlər buraxılıb.
Bəs çıxış yolu nədir?
Fikrimizcə, çıxış yolu vəzifə pillələrində aşağıdan yuxarıya nöqsansız irəliləmiş yerli və daim Naxçıvanda yaşayan kadrlara daha çox güvənmək, Bakı və digər regionlardan dəvət edilənləri isə yüz ölçüb, bir biçmək lazımdır. O, kimin adamıdır, bu, kimin dostudur kimi zərərli prinsiplər bir kənara qoyulmaıdır. Naxçıvan Dövlət Universitetində bütün ixtisaslar üzrə kadrlar hazırlanır. Onaları elə tələbə vaxtlarından istehsalata cəlb edib gələcəyin idarəçiləri kimi formalaşdırmaq lazımdır. Ulu öndər Heydər Əliyevi, Akademik Yusif Məmmədəliyevi, Mirzə Cəlili, Cavidi, Memar Əcəmini, Naxçıvanskiləri və minlərələ bu kimi dünya səviyyəli böyük şəxsiyyətləri yetirən torpağı “Naxçıvanda kadr yoxdur” adı ilə damğalamaq ən azı nadanlıqdır! Ölkənin baş naziri, Daxili İşlər Naziri, DTX rəisi, Sərhəd Xidmətinin komandanı, AMEA-nın prezidenti, BDU-nun rektoru, Səhiyyə naziri və digərləri naxçıvanlı kadrlar deyilmi? Bəli, əzizlərim, Naxçıvanda kifayət qədər savadlı gənc kadrlar var. Onları tapın, ortaya çıxarın, başlanğıc üçün sadə işlər verib istehsalatda təcrübəlilərin yanında yetişdirib yüksək idarəçiliyə gətirin! Bu qədər sadə…
Həəə, bir də ki, dövlət idarəçiliyində qüsursuz iş, vətəndaşlara layiqli xidmət hər hansı xarici universiteti onlayn “oxuyub” 8 diplom almaq, iş görməkdən çox şəxsi piar və reklamla məşğul olmaqla ölçülmür!
Media25