Professorun sözlərinə görə, dünyada və ölkəmizdə su ehtiyatlarının azalması birbaşa iqlim dəyişmələri ilə bağlıdır: “Buxarlanma artır, yağıntılar azalır və çaylar, göllər, yeraltı sular kimi su obyektləri iqlimdən asılı olduğu üçün bu dəyişikliklər öz təsirini göstərir. Bu, bizim regionumuzda çayların suyunun, yeraltı suların və qar-buz ehtiyatlarının azalmasında özünü büruzə verir. Ölkəmizdə bu sahədə Milli Su Strategiyası qəbul edilib və su ehtiyatlarından səmərəli istifadə və mühafizə ilə bağlı Prezident Sərəncamı mövcuddur. Bu çərçivədə su anbarlarının tikilməsi, alternativ su mənbələrinin aşkar edilməsi, sudan qənaətlə istifadə kimi qabaqlayıcı tədbirlər həyata keçirilir. Dünyada su təminatı yaxşı, orta və zəif olan ölkələr var. Təəssüf ki, biz zəif su təminatı olan ölkələr sırasındayıq. Buna baxmayaraq, suvarma və su təsərrüfatı sahəsində görülən tədbirlər böyük böhranların qarşısını almağa yönəlib”. R.Mahmudovun fikrincə, ölkəmizin şirin su ehtiyatlarının texniki məqsədlərlə istifadə edilməsi düzgün deyil: “Bəzi sənaye sahələrində bu hələ də davam edir və bu məsələnin həlli vacibdir. Texniki sulardan təkrar istifadə, onların təmizlənməsi, suvarmada və kənd təsərrüfatında yenidən tətbiqi kimi məsələlər öz həllini tapmalıdır. Ümumilikdə, iqlim dəyişmələrinin təsiri ilə baş verən proseslərə insanların və dövlətlərin öz fiziki-coğrafi şəraitinə uyğunlaşması təmin edilməlidir. Bu prosesin qarşısını tam almaq mümkün olmasa da, uyğunlaşma tədbirləri ilə mənfi təsirlər minimuma endirilə bilər”. "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli da öz açıqlamasında Xəzərin suyunun çəkilməsi və səviyyəsinin enməsi ilə bağlı “kritik durum” fikri ilə tam razı olmadığını bildirib. O qeyd edib ki, əgər vəziyyət həqiqətən kritik olsaydı, Azərbaycan Nazirlər Kabineti bununla bağlı ciddi komissiya yaradardı, geniş ekspedisiyalar təşkil olunardı, dənizin müxtəlif nöqtələrində ölçmələr aparılardı. Eyni şəkildə nə Akademiyada, nə də coğrafiya fakültələrində Xəzərlə bağlı son dövrlərə dair xüsusi kafedralar və ya elmi qruplar formalaşdırılmayıb. “Bununla belə, səviyyənin gözlə görünəcək dərəcədə enməsi aydındır. Kritik olmasa da, həm naviqasiyaya təsir baxımından, həm sahilyanı ərazilərdə səhralaşmanın artması, həm də mineralların gələcəkdə insan sağlamlığı üçün risk yaratması baxımından ciddi siqnallar var. Necə deyərlər, bəzən səssiz siqnal daha güclü olur. Buna görə də məsələ çox ciddi şəkildə düşünülməlidir. Son vaxtlar Lənkəranda dənizin geri çəkilməsi nəticəsində torpaqdan ağac köklərinin, qədim meşə izlərinin üzə çıxdığı deyilir. Bu, Xəzərin tarixən dəfələrlə geri çəkilib irəlilədiyini göstərir. Deməli, panikaya gərək yoxdur. Amma bu, tədbirsiz qalmaq demək də deyil. Suyun çəkildiyi ərazilərdə şoranlığa davamlı bitkilər əkilməlidir ki, küləklər həmin mineralları havaya qaldıraraq insanlara və ölkənin digər bölgələrinə zərər verməsin, səhralaşma sürətlənməsin. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, müvafiq fakültələr və Nazirlər Kabineti addımlar atmalı, qərarlar verməlidirlər. Eyni zamanda könüllülüyün təşviqi, QHT-lərlə müxtəlif ekoloji layihələrin həyata keçirilməsi də vacibdir”.
Ekoloq da təsdiqləyib ki, Yer üzündə su qıtlığı həmişə olub. Onun sözlərinə görə, 21-ci əsrdə qlobal istiləşmə, quraqlığın artması və yağıntıların azalması fonunda bu vəziyyət daha kəskin hiss olunmağa başlayıb: “Əslində, şirin su ehtiyatları hələ tükənməyib – Qrenlandiya, Antarktida və dağ buzlaqları mövcuddur. Azərbaycanda isə Qarabağın azad olunmasından sonra su ehtiyatlarımızın artması daha aydın hiss olunur. Bununla belə, suya qənaət edilməli, su ehtiyatları qorunmalıdır. Qlobal istiləşmənin Azərbaycana təsirinə gəlincə, əsas məsələ transsərhəd Kür çayıdır. Çay Türkiyə və Gürcüstan ərazisindən keçərkən suvarmaya cəlb olunur və nəticədə Azərbaycanın aşağı axarında su azalması yarana bilər. Amma hazırda nə dünyada, nə də bizdə su qıtlığı səviyyəsində kritik vəziyyət müşahidə olunmur. Əsas təsir Xəzərin səviyyəsinin azalmasında özünü göstərir. Suvarılan ərazilərə isə hələlik ciddi təsiri yoxdur”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə dərc olunub.