RU

Böyük Britaniya sanksiyaları genişləndirir

Məqsəd Rusiyanı sülhə məcbur etməkdir

Rusiya-Ukrayna müharibəsində diplomatik təşəbbüslərin artdığı vaxtda cəbhə xəttində döyüşlər də güclənir. Rusiya qoşunları diplomatik masada üstünlüyünü qorumaq üçün daha çox ərazi ələ keçirməyə çalışır. Belə bir şəraitdə Kiyev və müttəfiqləri hücumların miqyasını azaltmaq və Rusiyanı zəiflətmək üçün müxtəlif təşəbbüslər göstərir. Belə təşəbbüslərdən biri də Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməkdir.  

Rusiyanın hərbi kəşfiyyat agentliyi sanksiyalar altında

Yeri gəlmişkən, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Məhdudiyyətlər siyahısına filosof Aleksandr Duqin, “Rıbar” hərbi-analitik mərkəzinin rəhbəri Mixail Zvinçuk əlavə edilib. Rusiyanın xaricdə yaşayan soydaşların müdafiə və dəstəyi ilə məşğul olan fonduna da sanksiya tətbiq olunub. Həmçinin Geosiyasi Ekspertiza Mərkəzi, “Qolos” informasiya resursları və “Euromore” də məhdudiyyətlərlə üzləşib. Bundan sonra həmin şəxslər Böyük Britaniyaya səfər edə bilməyəcəklər və aşkar olunduğu təqdirdə onlara aid səhmlər dondurulacaq.

Dekabrın əvvəlində isə Böyük Britaniya hökuməti Rusiyanın hərbi kəşfiyyat agentliyi olan GRU-ya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu tədbirlər 2018-ci ildə Solsberidə baş vermiş hadisələrlə bağlı aparılan araşdırmanın yekun hesabatından sonra elan olunub. Bildirilib ki, Böyük Britaniya GRU-nu tam şəkildə sanksiya siyahısına daxil edib. Rusiyanın Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, Rusiyanın Böyük Britaniyaya qarşı davam edən düşmənçilik fəaliyyətinə görə izahat verməsi tələb edilib.

Hökumətin açıqlamasında qeyd olunub ki, sanksiyalar, həmçinin GRU üçün çalışan 8 kiber hərbi kəşfiyyat zabitini də əhatə edir. Hesabatda deyilir ki, həmin şəxslər Yuliya Skripalı “X-agent” zərərli proqramı ilə hədəf alan kiberhücumlarda və beş il sonra Yuliya və atasını Böyük Britaniya ərazisində öldürməyə cəhd edən əməliyyatda iştirak ediblər. Böyük Britaniya hökuməti bəyan edib ki, Rusiya tərəfindən həyata keçirilən bu cür düşmənçilik fəaliyyətlərinə qarşı sərt və davamlı cavab veriləcək.

Rusiya məhsullarına məhdudiyyətlər

Böyük Britaniyada bir sıra məhsulların və texnologiyaların Rusiyaya ixracına dair yeni qadağalar da qüvvəyə minib. Britaniya hökumətinin saytında dərc olunan sənədə görə, məhdudiyyətlər əsasən Rusiyada funt sterlinq və avro banknotlarından istifadəyə, dəniz sektoru və neft emalı sahəsinə aid məhsullara, həmçinin kimyəvi və bioloji silahların istehsalına aid texnologiyalara şamil edilir. Qadağalara, həmçinin bu kateqoriyadan olan məhsulların servisi, maliyyə və ya broker xidmətlərinin göstərilməsi də daxildir.

Bundan əlavə, Böyük Britaniya ABŞ-la birlikdə metal ticarətində də Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin və ABŞ Xəzinədarlığının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, London Metal Birjası və Çikaqo Ticarət Birjası artıq öz anbarlarındakı alüminium, mis və nikel ehtiyatlarını Rusiya mənşəli xammal tədarük etməklə doldura bilməyəcək. Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib ki, Londonun Vaşinqtonla birlikdə atdığı həlledici addım Rusiya metallarının iki ən böyük əmtəə birjasına çıxışının qarşısını almaqla bu ölkənin hərbi sənaye kompleksini maliyyə vəsaitindən məhrum edəcək.

Tətbiq olunan məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər. Lakin hər iki birja artıq Rusiyanın misini, alüminiumunu və nikelini ala bilməyəcək. Xatırladaq ki, hələ ötən il Böyük Britaniya Rusiya mənşəli mis, alüminium və nikelin idxalını tamamilə qadağan edib.

London Aİ və ABŞ-la koordinasiyalı fəaliyyət göstərir

Nəzərə alaq ki, Britaniya hökuməti bir çox hallarda Rusiyaya qarşı sanksiyaların tətbiqi zamanı ABŞ və Avropa İttifaqı (Aİ) ilə koordinasiyalı fəaliyyət göstərir. Bu yaxınlarda Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı  ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə ilk “sanksiyalar” sammitinin keçirilməsi də bunun göstəricisidir. Sammitin nəticəsi olaraq beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi üzrə əlavə planın hazırlanacağı, həmçinin Aİ-nin 20-ci sanksiya paketinə dair təkliflərin formalaşdırılacağı nəzərdə tutulur.

Xatırladaq ki, Avropa İttifaqına  üzv ölkələr Rusiyaya qarşı sonuncu - 19-cu sanksiyalar paketini oktyabr ayında qəbul ediblər. Bu istiqamətdə işlərə hələ iyul ayında - 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra başlanmışdı. O zaman Avropa İttifaqı “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan etmişdi. 19-cu sanksiyalar paketinin qəbulu isə asan olmayıb. Çünki Aİ daxilində həmin məhdudlaşdırıcı tədbirlərin qəbul olunmasına bir sıra müqavimətlər var idi. Narazılar hesab edirdilər ki, bu sanksiyalar Aİ ölkələrinə də mənfi təsir göstərə bilər. Buna baxmayaraq, ittifaq daxilində konsesusa gəlmək mümkün olub.  Avropa İttifaqının 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir. Bu sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də ehtiva edir. Qadağanın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sanksiya siyahısına “kölgə donanması”nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır. “Maliyyə” blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; 5 Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə “Mir” sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha 4 banka qarşı sanksiyaların genişləndirilməsi. Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulacaq.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı bu tip sanksiyalarını Böyük Britaniya da tətbiq edib. Onlar Ukraynanın tərəfdaşları olduğu üçün bu yolla Rusiyanı sülhə məcbur etməyə çalışırlar. 

N.BAYRAMLI

Избранный
23
yeniazerbaycan.com

1Источники