RU

Havalar işin sürətləndirilməsini tələb edir

Ölkəmizin hər yerində davamlı olaraq abadlıq və quruculuq işləri aparılır. Salyan rayonunda da bu istiqamətdə işlər görülür. 

Onlardan biri də su-kanalizasiya sisteminin yenidən qurulmasıdır. İçməli su çəkilişi ilə əlaqədar işlər demək olar ki, başa çatmışdır. Salyan şəhərinin, eləcə də ona yaxın olan bir neçə yaşayış məntəqəsinin sakinləri üçün su problemi artıq öz həllini tapmışdır. Hazırda abonentlərə gün ərzində fasiləsiz olaraq içməli su verilir. Yay və payız aylarında suya qənaət məqsədilə axşam saatlarında suyun verilməsində müəyyən məhdudiyyətlər yaranmışdı. Amma sonradan bu məhdudiyyət aradan qaldırıldı. 

İndi Salyan şəhərində, eyni zamanda ona yaxın olan yaşayış massivlərində kanalizasiya çəkilişi davam edir. Yaxşı başa düşürük ki, kanalizasiya çəkilişi ağır və çox vəsait tələb edən işdir. Ona görə bu işdə əməyi olan hər kəsə öz minnətdarlığımızı bildiririk. 

Lakin onu da demək istəyirik ki, bu iş nə qədər sürətlə görülsə, tez başa çatdırılsa, bir o qədər yaxşıdır. Çünki qarşıdan qarlı-yağışlı günlər gəlir. Kanalizasiya xətlərinin çəkilişi zamanı məlumdur ki, küçələrdə aparılan qazıntılar nəticəsində asfalt qatı qaldırılır. İşin əvvəlində qazılan asfalt qatının bərpası sürətlə aparılsa da, indi bu işlər nədənsə ləngiyir. Bu isə insanların və nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaradır. Odur ki, inşaatçılar kanalizasiya xətlərinin çəkilişini sürətləndirsələr, habelə qazılan yerlərin asfaltlaşdırılmasını vaxtında həyata keçirsələr, yaxşı olar. 

Salyan şəhər sakinləri: 

Əziz BAXIŞOV, 

Tural MƏLİKOV, 

Sabir KƏRİMOV və başqaları

Избранный
48
azerbaijan-news.az

1Источники