RU

Ukrayna: Odessa limanında "Rusiya kölgə donanmasına" məxsus gəmi ələ keçirilib



Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Odessadakı bir limanda "Rusiyanın kölgə donanmasına" aid olduğunu iddia etdiyi bir gəmini ələ keçirdiyi bildirilir.SBU-nun Telegram hesabında dərc olunmuş açıqlamada deyilir ki, Odessa ticarət limanında bir gəmi Ukrayna kənd təsərrüfatı məhsullarını qanunsuz daşıdığı iddiası ilə saxlanılıb və müsadirə edilib.

Bəyanatda əlavə edilib ki, gəmi "Rusiya kölgə donanmasına" xidmət edir və Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilən Krım yarımadasına yük daşıyır."SBU rəsmiləri Odessa ticarət limanında Rusiya tərəfindən idarə olunan yük gəmisini aşkar ediblər. Afrika ölkəsinin bayrağı altında üzən gəmi polad boruların bir hissəsini ixrac etmək üçün lövbər salmışdı. Məlum olub ki, tammiqyaslı (Rusiya-Ukrayna) müharibəsindən əvvəl gəmi Rusiya Federasiyasının maraqları naminə qanunsuz kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün Sevastopola (limana) ən azı yeddi dəfə daxil olub."

Bəyanatda daha sonra qeyd olunur ki, gəmi 2021-ci ilin yanvar ayının sonuna qədər Krımdan Şimali Afrikaya qanunsuz olaraq təxminən 7000 ton taxıl daşıyıb və əlavə edilib: "Gəmi saxlanılarkən kapitan və digər 16 heyət üzvü göyərtədə olub; hamısı müxtəlif Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır."

Hadisə ilə bağlı araşdırmanın başlandığını bildirən açıqlamada aşağıdakılar qeyd olunub:

"Gəmidə axtarış zamanı Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki limanlara qanunsuz girişi sübut edən səyahət planları, pilot kartları, xəritə materialları və radio rabitə nəzarət qeydləri tapılıb. Təhlükəsizlik Xidmətinin sənədlərinə əsasən, gəmi Ukrayna Aktivlərin Təhqiqi və İdarə Edilməsi Agentliyinə (ARMA) təhvil verilmək üçün müsadirə edilib."

Bəyanatda həmçinin gəminin sahibinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısında olduğu qeyd edilib.

aia.az
Tərcümə şöbəsi



Избранный
32
aia.az

1Источники