Bakı, 10 dekabr, AZƏRTAC
Avstraliyalı tədqiqatçılar qan hüceyrələrini (trombositlər) mənfi 80 dərəcədə dondurmaqla iki ilə qədər qorumağın mümkün olduğunu müəyyən ediblər.
AZƏRTAC “Journal of the American Medical Association” (JAMA) jurnalına istinadla xəbər verir ki, Kvinslend Universitetinin və Avstraliya Qızıl Xaçı Lifeblood təşkilatının 10 illik birgə elmi araşdırması hazırda yalnız 7 gün ərzində istifadəyə yararlı olan trombositlərin dondurulmasının mümkünlüyünü sübut edib. Bu yolla onların uzunmüddətli effektivliyi təmin olunur.
Tədqiqatın rəhbəri, Kvinslend Universitetinin professoru Maykl Rid qeyd edib ki, trombositlərin qısa saxlanma müddəti səbəbindən dünyada toplanan donor qanının təxminən üçdə biri istifadə olunmadan məhv edilir. Yeni üsul isə xüsusilə ucqar bölgələr, kiçik xəstəxanalar və hərbi əməliyyat sahələri üçün həyati əhəmiyyət daşıyır. “Dondurulmuş trombositlər tam təhlükəsizdir, lakin mühitdə saxlanılan trombositlərlə müqayisədə qanaxmanın qarşısını almaqda bir qədər daha zəif təsir göstərə bilər. Bununla belə, alternativin olmadığı vəziyyətlərdə bu metodun tətbiqi insan həyatının xilas edilməsində mühüm rol oynayır”,- deyə professor əlavə edib.
Açıq ürək əməliyyatı zamanı trombosit köçürülməsi sayəsində həyatda qaldığını bildirən 51 yaşlı Kolin Stiyler-Hant araşdırmanın nəticələrinin xüsusilə uzaq və kənd əraziləri üçün böyük imkanlar açdığını qeyd edib.