Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı: problemlər, çağırışlar, perspektivlər -Fotolar
Elm və Təhsil Nazirliyinin, Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetinin 60, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileylərinə həsr edilmiş “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı: problemlər, çağırışlar, perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub.
Konfransın açılışında Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyev çıxış edib.
Tədbirdə, həmçinin elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Kooperasiya Universitetinin fəxri professoru Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, dünyaşöhrətli azərbaycanlı alim professor Məsud Əfəndiyev, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Azərbaycan Kooperasiya Universitetinin beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru professor Aygün Quliyeva və başqaları çıxış ediblər.
Sonra Elm və Təhsil Nazirliyi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən Azərbaycan Kooperasiya Universitetinin 60 illik, Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileyləri münasibətilə təhsildə və əməkdə səmərəli fəaliyyətlərinə görə hər iki təhsil müəssisəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.