
Son illər təhsil haqlarının universitetlərdə yüksək olması gənclərin ali təhsilə çıxışını çətinləşdirir və sosial bərabərsizliyi artırır. Bu, xüsusilə maddi imkanları məhdud olan ailələr üçün böyük yük yaradır. Yüksək təhsil haqları tələbələri həm akademik, həm də maddi baxımdan əlavə stress altında qoyur. Nəticədə, gənclərin təhsil almaq imkanları məhdudlaşır və cəmiyyətin inkişafına mənfi təsir göstərir.
Mövzu ilə bağlı Missiya.Az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil haqlarının son illərdə artması təkcə iqtisadi məsələ deyil, ali təhsilin sosial funksiyasına, əlçatanlığına və uzunmüddətli keyfiyyətinə birbaşa təsir edən struktur problemdir:
"Bu artım inflyasiya, universitetlərin maliyyə müstəqilliyinin genişlənməsi və dövlət maliyyələşməsinin məhdudluğu ilə əsaslandırılsa da, real nəticələr tələbə davranışında, təhsilə çıxış imkanlarında və sosial bərabərlikdə ciddi dəyişikliklər yaradıb. Statistik göstəricilər problemin miqyasını aydın göstərir. Son on ildə Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan tələbələrin payı 60 faizi keçib. Eyni dövrdə orta aylıq əməkhaqqı artsa da, təhsil haqlarının artım tempi ailə gəlirlərini üstələyib. Bir sıra universitetlərdə illik təhsil haqqının 2500–4500 manat aralığına yüksəlməsi orta statistik ailə üçün ali təhsili ciddi maliyyə yükünə çevirib. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, ailələrin xərclərində təhsil payı son illərdə artan azsaylı istiqamətlərdən biridir və bu artım əsasən ali təhsillə bağlıdır",- deyə ekspert qeyd edib.
K.Əsədov vurğulayıb ki, “Təhsil haqqında” Qanunun 5-ci maddəsində təhsilin əlçatanlığı və bərabər imkanlar prinsipi əsas dövlət öhdəliyi kimi qeyd olunur. Lakin təhsil haqlarının kəskin artımı bu prinsipin praktikada zəifləməsinə gətirib çıxarır. Xüsusilə regionlardan olan, aztəminatlı ailələrdən çıxan abituriyentlər üçün seçim imkanları daralır: ya daha aşağı keyfiyyətli və ya ixtisas baxımından maraqsız proqramlara yönəlirlər, ya da ümumiyyətlə ali təhsildən imtina edirlər. Bu isə sosial mobilliyi zəiflədir və təhsilin “meritokratiya” funksiyasını zədələyir".
Ekspert qeyd edib ki, tələbələr üçün yaranan əsas problemlərdən biri təhsillə əmək fəaliyyəti arasında məcburi balans axtarışıdır:
"Təhsil haqqını ödəmək üçün minlərlə tələbə dərs vaxtı və dərsdən sonra işləməyə məcbur qalır. Aparılan müşahidələr göstərir ki, işləyən tələbələrin akademik göstəriciləri orta hesabla 15–20 faiz daha aşağı olur. OECD ölkələrinin təcrübəsində də bu təsdiqlənir: dərs prosesinə tam fokuslana bilməyən tələbələrdə həm akademik nəticələr, həm də təhsildən məmnunluq azalır. Azərbaycanda isə bu vəziyyət ali təhsilin keyfiyyətinə dolayı, lakin davamlı zərbə vurur.
Psixoloji yük də az əhəmiyyətli deyil. Təhsil haqqı borcu, valideyn üzərində maliyyə təzyiqi, kreditlə oxuma halları gənclərin emosional vəziyyətinə təsir göstərir. Araşdırmalar göstərir ki, maliyyə stressi yaşayan tələbələrdə motivasiya düşür, universitetlə emosional bağ zəifləyir və ali təhsil “inkişaf mühiti” olmaqdan çıxaraq “xərclər məkanı” kimi qəbul edilir. Bu isə uzunmüddətli perspektivdə ali təhsilin nüfuzuna zərər vurur.
Mənfi tərəflərdən biri də ondan ibarətdir ki, təhsil haqlarının artımı avtomatik olaraq təhsilin keyfiyyətində artımla müşayiət olunmur. Bir çox tələbə real olaraq daha yaxşı laboratoriya, müasir tədris metodları və ya güclü akademik dəstək görmədiyini bildirir. Dünya təcrübəsində isə təhsil haqqı ilə keyfiyyət arasında şəffaf əlaqə qurulur. Məsələn, Almaniya və Skandinaviya ölkələrində ali təhsilin əsas hissəsi dövlət tərəfindən maliyyələşdirilir, ödənişlər isə minimum səviyyədə saxlanılır. Böyük Britaniya və ABŞ-da isə yüksək təhsil haqqı geniş tələbə kreditləri, qrantlar və sosial dəstək mexanizmləri ilə balanslaşdırılır. Azərbaycanda bu balans mexanizmləri hələ zəifdir.
Bununla yanaşı, müsbət tərəfləri də qeyd etmək lazımdır. Təhsil haqlarının müəyyən dərəcədə artması universitetlərə maddi-texniki bazanı gücləndirmək, akademik mühiti qorumaq və beynəlxalq rəqabətə uyğunlaşmaq üçün əlavə resurslar yarada bilər. Elm və Təhsil Nazirliyinin ali təhsilin maliyyə dayanıqlığını artırmaq, universitetlərə daha çox muxtariyyət vermək istiqamətində apardığı siyasət prinsip etibarilə düzgündür və müasir ali təhsil modelləri ilə uzlaşır. Lakin bu siyasət sosial qoruyucu mexanizmlərlə paralel getmədikdə risklər qaçılmaz olur".
Onun sözlərinə görə, təhsil haqları artarkən dövlət dəstəyi, təqaüd sistemi və məqsədli sosial mexanizmlər gücləndirilməzsə, nəticədə ali təhsil sosial filtr rolunu oynamağa başlayır:
"Yəni bacarıqlı, amma imkansız gənclər sistemdən kənarda qalır. Estoniya və Polşa kimi ölkələrdə ödənişli təhsil genişlənsə belə, akademik göstəricilərə əsaslanan dövlət sifarişi, güzəştli kreditlər və yaşayış dəstəkləri bu riski minimuma endirir.
Hesab edirəm ki, təhsil haqlarının artması tələbələr üçün maliyyə, psixoloji və akademik problemlər yaradır və bu problemlər vaxtında balanslaşdırılmazsa, ali təhsilin strateji məqsədlərinə zidd nəticələr doğura bilər. Elm və Təhsil Nazirliyinin islahatları niyyət baxımından müsbətdir, lakin növbəti mərhələdə ali təhsilin yalnız maliyyə dayanıqlığı deyil, sosial ədalət və əlçatanlıq ölçüləri də gücləndirilməlidir. Əks halda ali təhsil uzunmüddətli inkişaf aləti yox, imkanlılar üçün xidmət sektoruna çevrilmək riski ilə üz-üzə qala bilər",- deyə Kamran Əsədov əlavə edib.
Seyranə Quliyeva
Missiya.Az