RU

2026-2029-cu illər üçün dövlət büdcəsi dayanıqlı iqtisadi inkişafı və sahibkarlığı dəstəkləyəcək - AÇIQLAMA

Bakı, 10 dekabr, AZƏRTAC

2026-cı ilin dövlət büdcəsi artıq Milli Məclisdə qəbul edilib, Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Bu, müstəqillik dövrünün ən böyük büdcəsidir. Belə ki, növbəti il üçün büdcə çərçivəsində 41 milyard manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, büdcə zərfində prioritet istiqamətlər iqtisadi fəaliyyətin dəstəklənməsi və sosial sahənin inkişafıdır.

“Gələn il sosial sahəyə 17,1 milyard manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da ümumi büdcə xərclərinin 41 faizini təşkil edir. Eyni zamanda, büdcədən növbəti illərdə iqtisadi dayanıqlığın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, həmçinin sahibkarlığın inkişafı üçün tədbirlər həyata keçiriləcək. Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin bərpasına gələcək 6 il ərzində dövlət büdcəsindən təxminən 27 milyard manat vəsaitin xərclənməsi gözlənilir”, - deyə deputat əlavə edib.

V.Bayramov, həmçinin qeyd edib ki, büdcə çərçivəsində vergi güzəştləri və təşviq mexanizmləri vasitəsilə sahibkarlığın dəstəklənməsi nəzərdə tutulub: “Naxçıvan Muxtar Respublikası üzrə 10 illik müddət ərzində vergilərdə və sosial ödənişlərdə güzəştlər nəzərdə tutulur. Bu, muxtar respublikada iqtisadi inkişafın və sahibkarlığın stimullaşdırılmasına imkan verəcək. Həmçinin, sənaye parkları və sənaye məhəllələrinin dəstəyi davam etdiriləcək, güzəştlərin tətbiqi genişləndiriləcək. Mikrosahibkarlar üçün sadələşdirilmiş vergi limiti iki dəfə artırılaraq – məbləğ 200 min manatdan 400 min manata çatdırılacaq. Bu tədbirlər dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə və sahibkarlığın inkişafına yeni imkanlar yaradacaq”.

Избранный
80
azertag.az

1Источники