Tbilisi, 10 dekabr, AZƏRTAC
Avropa bürokratiyasının tətbiq etdiyi ikili standartlar Gürcüstanın inkişafına mane olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında söyləyib.
Baş nazir bildirib ki, Avropa bürokratiyası Gürcüstanla münasibətində ikili standartlar nümayiş etdirir və ölkənin daxili proseslərinə əsassız müdaxilə edir. Onun sözlərinə görə, Avropa qurumları özlərinə aid məsələlərdə müdaxiləni xoşlamasalar da, Gürcüstanın daxili işlərinə fəal şəkildə qarışır və bununla da, ölkənin inkişafına mane olmağa cəhd göstərirlər.
“Biz Avropa bürokratiyasının fəaliyyətində açıq şəkildə ikili standartlar görürük. Onlar öz işlərinə kimsənin qarışmasını istəmirlər, lakin Gürcüstanın işlərinə çox aktiv şəkildə müdaxilə edir və hətta ölkənin inkişaf prosesinə mane olmağa çalışırlar. Bu, çox üzücü tendensiyadır”, – deyə Kobaxidze vurğulayıb.
Hökumət başçısı bu vəziyyətin Avropa bürokratiyasının daxilində yaranmış problemlərin göstəricisi olduğunu bildirib və qeyd edib ki, bu yanaşma mütləq dəyişməlidir. Əks halda, ikili standartlar Avropa İttifaqının nüfuzuna, insan hüquqları və iqtisadi inkişafla bağlı tendensiyalara mənfi təsir göstərir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi