RU

Rəqəmsallaşdırma və süni intellekt qlobal enerji sistemlərini yenidən formalaşdırır - ŞƏRH

Bakı, 10 dekabr, AZƏRTAC

Rəqəmsallaşdırma və süni intellekt qlobal enerji sistemlərini enerjinin necə istehsal olunmasından tutmuş onun necə çatdırılmasına, istifadəsinə və idarə olunmasına qədər yenidən formalaşdırır.

AZƏRTAC xəbər verir ki, 2050-ci ilə qədər elektrik enerjisinin bütün enerji istehlakının 52 faizini təşkil edəcəyi gözlənilir. Rəqəmsal həllər bu artımı idarə etmək və xərcləri azaltmaqla, enerji təhlükəsizliyini gücləndirməklə və bərpaolunan enerji mənbələrinin daha geniş inteqrasiyasını təmin etməklə enerjini etibarlı və əlverişli saxlamaq üçün vacib hala gəlir. Onlar enerji tələbatını daha dəqiq proqnozlaşdırmağa, şəbəkə yüklərini balanslaşdırmağa, itkiləri azaltmağa, xərcləri optimallaşdırmağa və enerji təhlükəsizliyini gücləndirməyə imkan verir. Eyni zamanda, ağıllı şəbəkələr, IoT cihazları və avtomatlaşdırılmış idarəetmə sistemləri bərpaolunan enerji mənbələrinin, xüsusilə günəş və külək enerjisinin daha geniş miqyasda inteqrasiyasını dəstəkləyir. Nəticə etibarilə, rəqəmsal texnologiyalar enerjinin etibarlı, davamlı və əlçatan qalması üçün qlobal enerji keçidinin ayrılmaz və zəruri komponentinə çevrilir.

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, süni intellekt və rəqəmsallaşma bütün sistemlərdə dəyişikliyə gətirib çıxarır və buraya enerji sistemləri də daxildir.

“Ağıllı enerji istehsalı məsələsi ortaya çıxır ki, süni intellekt və rəqəmsal həllərlə neft-qaz quyularında belə hasilat optimallaşdırıla bilər. Süni intellektin tətbiqi enerji təhlükəsizliyi sahəsində şəbəkənin sabitliyinə müsbət təsir göstərir, bərpaolunan enerjiyə keçidi sürətləndirir, enerjidə tələb və təklifin idarəolunmasını yaxşılaşdırır, həmçinin bu istiqamətdə başqa müsbət təsirlər yaradır”, - deyə ekspert qeyd edib.

X.Kərimli vurğulayıb ki, Azərbaycan üçün də bu texnologiyalardan istifadə etmək vacib hesab olunur: “Məhsuldarlıq artımına müsbət təsiri və təhlükəsizliyi yaxşılaşdırdığı üçün, həmçinin qərarverməni sürətləndirməsi səbəbindən bu texnologiyalardan istifadə mütləqdir. Enerji sahəsində ölkəyə digər müsbət təsirlərindən biri də gəlirlərin sabitliyinin qorunması və yaşıl enerjiyə keçidi sürətləndirməsidir ki, bu da ölkəmizin gündəliyində duran əsas prioritetlərdəndir. Hansı ki, 2030-cu ilə qədər enerji istehsalında alternativ mənbələrin payını 30 faizə qaldırmaq hədəflənib. Qeyd edim ki, hazırda bu göstərici 12-13 faizdir və 5 il ərzində 2,5 dəfə artırmaq lazımdır”.

Ekspert əlavə edib ki, ümumilikdə qərar qəbulunda, təhlükəsizlik və optimizasiya işlərində yeni texnologiyalardan istifadə vacib və zəruridir.

Избранный
64
azertag.az

1Источники