RU

“Yeni mərhələ başlayır” – Tanınmış media rəhbərləri 2026-cı il üçün proqnozlarını açıqladılar

2025-ci il Azərbaycanın ictimai-siyasi həyatında genişmiqyaslı proseslərin müşahidə olunduğu, ölkənin həm regional, həm də qlobal arenada mövqelərinin möhkəmləndiyi bir il kimi yadda qaldı. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin intensivləşməsi, sülh prosesində əldə olunan irəliləyişlər və Vaşinqtonda paraflanmış sənəd bölgədə yeni mərhələnin başlandığını göstərdi. Editor.az olaraq ölkənin nüfuzlu media rəhbərlərinə müraciət edərək onların geridə qalan ili necə dəyərləndirdiklərini və 2026-cı ildən nə gözlədiklərini öyrəndik.

“Azxeber.com” İnformasiya Portalının təsisçisi Əfsələddin Ağalarov qeyd edib ki, 2025-ci il Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan hadisələrlə zəngin olub. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yeni qəsəbələrin salınması, infrastruktur layihələrinin davam etdirilməsi ilə yanaşı, Zəfərin 5 illik yubileyinin geniş qeyd edilməsi də bu ilin mühüm məqamlarından sayılır. O bildirib ki, Vaşinqtonda əldə edilən razılaşma regionda gözlənilən sülhün ən ciddi siyasi addımıdır. Tramp administrasiyasının təşəbbüsü ilə formalaşan yeni sülh marşrutu və Orta Dəhlizin açdığı imkanlar 2026-cı ildən gözləntiləri daha da artırır. Əfsələddin Ağalarov yeni ilin dünya miqyasında da sülh və sabitlik gətirməsini arzuladığını vurğulayıb.

“Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov 2025-ci ilin Azərbaycan üçün diplomatik və siyasi sahədə mühüm nailiyyətlərlə yadda qaldığını bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirib və Azərbaycan regional aktordan qlobal siyasi mərkəzlərdən birinə çevrilməkdədir. Onun fikrincə, Vaşinqton razılaşması Azərbaycanın hərbi-siyasi qələbəsinin beynəlxalq müstəvidə rəsmiləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Tahirov 2026-cı ildə regionda sülhün təmin olunması istiqamətində mühüm addımların gözlənildiyini, Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin isə ölkənin qlobal nüfuzunu daha da artıracağını deyib.

“Pravda.az” xəbər portalının təsisçisi və baş redaktoru İlkin Pirəli isə bildirib ki, 2025-ci ildə əldə olunan uğurların əsasını 2020-ci ildə qazanılan tarixi Qələbə təşkil edir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə sürətlə davam edən quruculuq işləri və keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı bu ilin ən önəmli hadisələrindən olub. Xarici siyasətdə əldə edilən nailiyyətlərdən danışan baş redaktor Vaşinqton razılaşmasını və 907-ci düzəlişin icrasının dayandırılmasını xüsusi vurğulayıb. İlkin Pirəli əmin olduğunu bildirib ki, 2026-cı ildə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yeni uğurlar əldə ediləcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
19
editor.az

1Источники