RU

Küçədə ustanı döyən şəxsə elektron qolbaq taxıldı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ziya Məmmədlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 11 mart 2025-ci il tarixdə, saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi, “Şahin” mağazasının qarşısından keçən avtomobil yolunun kənarında qeydə alınıb.


Belə ki, Ziya Məmmədli həmin vaxt yol kənarında olarkən əvvəlcədən tanıdığı, zərərçəkmiş Qiyas Fərəcovu (adı, soyadı şərtidir) görüb. O, zərərçəkmişin onu öz fərdi yaşayış evinə usta kimi çağırmasına baxmayaraq gəlməməsini şəxsin özünə qarşı saymazlıq və qərəzli münasibət kimi qiymətləndirib. Buna görə təqsirləndirilən şəxs onunla sözlü mübahisə edib.


Mübahisə zamanı Ziya ətrafda toplaşmış şəxslərin gözləri qarşısında Qiyası nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı kobud şəkildə pozan qərəzli hərəkətlərə yol verib. Daha sonra o, hər hansı əsaslı səbəb olmadan zərərçəkmişə qarşı zor tətbiq edib, yumruqla onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Zərbənin təsirindən zərərçəkmiş yerə yıxılıb və ona burun sümüyünün yerini dəyişməyən sınığı, həmçinin burnun və alnın tüksüz hissəsində sıyrıqlar yaranıb.
 

Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
 

Kamal Məmmədov 

Tarix: 10 Dekabr 2025, 09:03   
Избранный
42
pravda.az

1Источники