RU

Ombudsman təsisatlarının müstəqilliyinin institusional əsasları

İnsan hüquq və azadlıqlarının qorunması və dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi müasir dövlət idarəçiliyinin ayrılmaz komponentlərindən birini təşkil edir. Bu məqsədlə müxtəlif hüquqi və institusional mexanizmlər mövcuddur ki, onların sırasında xüsusi statusa malik ombudsman institutunun fəaliyyəti olduqca əhəmiyyət kəsb edir. 

Milli insan hüquqları təsisatı kimi ombudsman institutu hüquqi və demokratik dövlətlərin, insan hüquqlarının müdafiəsi mexanizmlərinin mühüm dayaqlarından və şərtlərindən biri olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və hüquq qaydasının təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, habelə bu sahədə preventiv fəaliyyətin təşkili üzrə mühüm funksiyaları həyata keçirir, hüquqi dövlətin möhkəmlənməsinə, ədalətli münasibətlərin formalaşmasına və təşviqinə xidmət edir.

Obyektivlik, şəffaflıq, qanunçuluq prinsiplərinə əsaslanan ombudsmanın fəaliyyət fəlsəfəsinin mərkəzində insan ləyaqətinin və hüquqlarının müdafiəsinin müstəqil və qərəzsiz olaraq həyata keçirilməsi, vətəndaşla dövlət arasında münasibətlərdə ədalətli və bərabər yanaşmanın təmin edilməsi, sistemli təhlil və tövsiyələr vasitəsilə pozuntu hallarının qarşısının alınması, o cümlədən onun hər kəs üçün əlçatan olması dayanır. Ombudsman təsisatı həm hüquqi, həm də siyasi baxımdan unikaldır: o, dövlət orqanlarının fəaliyyətinə nəzarət edir, lakin klassik mənada nə icra, nə məhkəmə, nə də qanunverici hakimiyyətin tərkibinə daxil deyildir. Ombudsman siyasi, inzibati və maliyyə təsirlərindən asılı vəziyyətdə olmamalıdır. Əks təqdirdə onun tövsiyə və qərarları legitimlik gücünü itirə, ictimai etimadı zəifləyə və təsisatın fəaliyyəti faktiki olaraq formal xarakter daşıya bilər. Bu səbəbdən ombudsmanın müstəqilliyinin təmin olunması təkcə hüquqi norma məsələsi deyil, həm də institusional dayanıqlılığın, insan hüquqlarının real müdafiəsinin və demokratik inkişafın əsas şərtlərindən birini təşkil edir.

Ombudsman institutu dünyanın sivil ölkələrinin hüquq sistemlərində haqlı olaraq insan hüquqlarının müdafiəsində və dövlət orqanlarının fəaliyyətinin qanunauyğunluğunun təmin edilməsində vacib mexanizm hesab olunur. İnsanların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə səlahiyyətləri çərçivəsində bütün səviyyələrdə dövlət aparatı və vəzifəli şəxslərin fəaliyyətinə geniş nəzarət funksiyası onun yüksək nüfuzunun və ictimaiyyət tərəfindən geniş şəkildə tanınmasının və qəbul edilməsinin göstəricisidir. Bu ombudsmanın statusunu xarakterizə edən və onun fəaliyyətinin effektivliyini təmin edən demokratik xüsusiyyətlərlə bağlıdır: dövlət orqanları sistemində müstəqil mövqe, onu seçən parlamentin bütün səlahiyyət müddətində dəyişilməzliyi, qanunvericilik təşəbbüsü və ya qanunvericiliyin insan hüquqları baxımından təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək hüququ, öz hüquq və azadlıqlarının müdafiəsinə ehtiyacı olan bütün insanlar (vətəndaşlar, əcnəbilər və qeyriləri) üçün açıq və əlçatan olması, şikayət və müraciətlərin araşdırılmasında formal prosedurların olmaması, vətəndaşlara göstərilən yardımın ödənişsiz olması və sair. Ombudsmanın fəaliyyətinin əsaslandığı bütün prinsip və prosedurlar insanların hüquq və azadlıqlarının dövlət orqanları və vəzifəli şəxslərin sui-istifadəsindən və özbaşınalığından müdafiə funksiyasının həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Ombudsman institutu uzun tarixi inkişaf yolu keçmiş, müxtəlif ölkələrdə fərqli modellərlə formalaşaraq müasir dövrdə statusu beynəlxalq normalarla müəyyən edilən mühüm məhkəməyədək hüquq-müdafiə mexanizminə çevrilmişdir. 

Bu gün dünyada ilk ombudsman təsisatının 1809-cu ildə İsveçdə yaradıldığı qəbul edilir. Əslində, alimlər bu təsisatın tarixi köklərini araşdırdıqda onun şərq idarəçilik sistemindən bəhrələndiyini sübut edir və ombudsman təsisatının təşəkkülünün XII Karl dövrünə təsadüf etdiyi fikri irəli sürülür. Poltavada rus qoşunları ilə döyüşdə məğlub olan XII Karl Osmanlı Türkiyəsində əvvəlcə türk sultanının müttəfiqi, sonradan isə faktiki olaraq məcburi yaşadığı zaman burada müsəlmanlar tərəfindən şəriət qaydalarına riayət edilməsinə nəzarət etmək məqsədilə sultan tərəfindən təyin edilən yüksəkrütbəli məmur-mühtasib təsisatı ilə tanış olur və bu onun diqqətini cəlb edir. XII Karlın İsveçdə olmadığı müddətdə orada hökm sürən özbaşınalığın qarşısını almaq üçün, o, Osmanlı imperiyasında mövcud olan mühtasibə oxşar təsisatın yaradılması barədə əmr verir. Belə ki, hələ İstanbulda olarkən XII Karl 26 oktyabr 1713-cü ildə "Konungens Hogsta Ombudsmanen" təsisatının (1719-cu ildən isə Æustitie-Kansler - Ədliyyə kansleri) yaradılması haqqında əmr imzalayır. Kralın bu əmri Osmanlıda mövcud olan mühtasib təsisatı ilə tanışlıqdan sonra  hələ Türkiyədə olarkən imzalaması müasir ombudsman institutunun müəyyən qədər türk mənşəliyinə dəlalət edir. Bu gün Pakistanda ombudsmanın "mühtasib" adlanması bu təsisatın müsəlman aləminə mənsubluğunu bir daha təsdiqləyir. 

Beləliklə, İsveçin 1809-cu il Konstitusiyası ilə yeni konstitusion mexanizmin-ədliyyə ombudsmanının (Æustitie-Ombudsmannen) əsası qoyulur. İsveç qanunvericiliyinə əsasən, parlamentin təyin etdiyi Ədliyyə Ombudsmanı məhkəmələrə və inzibati orqanlara nəzarət, səlahiyyətli hakim qarşısında xidməti vəzifələrinin icrası zamanı qeyri-qanuni hərəkətlərə yol vermiş, lakin öz vəzifələrini lazımi tərzdə yerinə yetirməyən şəxslərə qarşı iş qaldırmaq səlahiyyətinə malik olur. 

İkinci Dünya müharibəsindən sonra insan hüquqlarının müdafiəsi sahəsinə diqqət əhəmiyyətli dərəcədə artır. Müharibənin yaratdığı ağır fəsadlar, kütləvi insan tələfatları, zorakılıq və digər hüquq pozuntuları beynəlxalq ictimaiyyəti dərindən sarsıtmaqla beynəlxalq səviyyədə insan həyatının dəyərini, şərəf və ləyaqətinə hörmətin zəruriliyini ön plana çəkir. Bu ağır təcrübə bir daha göstərir ki, insan hüquqları yalnız milli qanunvericilik çərçivəsində deyil, beynəlxalq səviyyədə də tanınmalı və qorunmalıdır.  1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) yaradılması ilə insan hüquqlarının qorunması beynəlxalq münasibətlərdə prioritet məsələyə çevrildi. BMT Nizamnaməsində insan hüquqlarının və əsas azadlıqlarının təşviqi və müdafiəsi təşkilatın əsas məqsədləri sırasında yer aldı. Bu mərhələdən etibarən, insan hüquqlarının beynəlxalq səviyyədə tanınması və hüquqi çərçivəyə salınması istiqamətində mühüm addımlar atıldı. 

1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş İnsan Hüquqları üzrə Ümumi Bəyannamə insan hüquqları sahəsində ilk qlobal sənəd kimi tarixə düşdü. Bəyannamə insan hüquqları və azadlıqlarının universallığını, ayrılmazlığını və ayrı-seçkiliyə yolverilməzliyini təsbit etdi. Daha sonra bu prinsiplər 1966-cı ildə qəbul edilmiş İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktla və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla normativ baza kimi daha da möhkəmləndirildi. 

Bununla belə, beynəlxalq hüquq normalarının sadəcə mövcudluğu kifayət etmirdi, hüquq və azadlıqların real olaraq təmin edilməsi və hüquq pozuntularının qarşısının alınması üzrə səmərəli, effektiv və müstəqil institusional mexanizmin yaradılmasına ehtiyac artırdı. Qeyd olunan kontekstdə demokratik və hüquqi dövlətlərin əksəriyyəti tərəfindən ombudsman institutunun tətbiqi praktikasına başlanıldı ki, bu da  müvafiq sahədə beynəlxalq hüquqi və institusional çərçivələrin müəyyən edilməsi zərurətini ortaya çıxardı. Müxtəlif ölkələrdə bu sahədə fərqli modellərin mövcudluğu, habelə vahid beynəlxalq meyarların olmaması bu təsisatların effektivliyini və legitimliyini sual altına alırdı. Qeyd olunan problemlər 1991-ci ildə BMT tərəfindən Parisdə keçirilən "Milli insan hüquqları təsisatlarının Konfransı"nda müzakirə olundu və 20 dekabr 1993-cü ildə BMT Baş Assambleyasının qətnaməsi ilə "Milli insan hüquqları təsisatlarının statusuna dair Paris Prinsipləri" (bundan sonra - Paris Prinsipləri) adlı sənəd qəbul edildi.

Paris Prinsiplərinin qəbul olunmasının başlıca məqsədini milli insan hüquqları təsisatları üçün universal standartların, yəni bu təsisatların yaradılması, səlahiyyətləri, strukturu və müstəqilliyinə dair ümumi çərçivənin, onların legitimliyi və beynəlxalq səviyyədə tanınması üçün hüquqi əsasların müəyyən edilməsi təşkil edirdi. Beləliklə, Paris Prinsipləri insan hüquqları sahəsində fəaliyyət göstərən təsisatların siyasi manipulyasiyadan qorunması, onların fəaliyyətinin müstəqil, səmərəli və beynəlxalq normalara uyğun qaydada təşkilini təmin edən beynəlxalq hüquqi və institusional bələdçi rolunu oynadı.

Sənədə əsasən, milli insan hüquqları təsisatları konstitusiya və digər qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada insan hüquqlarının təşviqi və qorunması üzrə mümkün qədər geniş və dəqiq müəyyən edilmiş mandata sahib olmalıdırlar. Bu mandat ombudsmanların insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində, habelə milli qanunvericiliyin və təcrübənin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, beynəlxalq hüquqi sənədlərin ratifikasiyasının təşviqi və təmin edilməsi, BMT və onun qurumları ilə, o cümlədən digər ölkələrin milli insan hüquqları təsisatları ilə əməkdaşlığın qurulması, insan hüquqları sahəsində araşdırmaların aparılması, habelə bu sahədə təlim və tədris prosesinin həyata keçirilməsində yaxından iştirakını nəzərdə tutur. 

Paris Prinsipləri ombudsman təsisatlarının müstəqilliyinin təminatlarını da müəyyən edir. Sənədə əsasən, bu təsisatlar fəaliyyətlərini həyata keçirmələri üçün əlverişli infrastruktura, xüsusilə də adekvat maliyyələşməyə malik olmalıdır. Bu maliyyələşmə onun öz personalına və binalarına sahib olmasına, hökumətdən asılı olmamasına, habelə müstəqilliyinə təsir edə biləcək maliyyə nəzarətinə məruz qalmamasına imkan verməlidir. Prinsiplər ombudsman təsisatlarının üzvlərinin təyinatının onların səlahiyyət müddətlərini dəqiq müəyyən edən normativ aktlarla tənzimlənməli olduğunu və bu mandatın plüralizmin təmin olunması şərti ilə yenilənməsini də nəzərdə tutur. 

Göründüyü kimi, Paris Prinsipləri ombudsman və digər milli insan hüquqları təsisatlarının effektivliyini məhz onların müstəqil olmaları ilə şərtləndirir. Bu prinsiplər göstərir ki, yalnız müstəqil fəaliyyət göstərə bilən qurumlar insan hüquqlarının müdafiəsində təsirli rol oynaya bilər. Əks təqdirdə ombudsmanın fəaliyyət dairəsi məhdudlaşır, onlara olan ictimai inam zəifləyir və təsisat öz funksiyalarını tam olaraq yerinə yetirə bilmir.

Beləliklə, Paris Prinsipləri milli insan hüquqları təsisatları üçün beynəlxalq səviyyədə razılaşdırılmış minimum standartları müəyyən etdi. Fəaliyyətlərinin etibarlı hesab edilməsi üçün bu təsisatlar qeyd olunan minimal standartlara cavab verməlidirlər. 

Milli insan hüquqları təsisatlarının fəaliyyətinin Paris Prinsiplərinə uyğunluğunun yoxlanılmasına və onların akkreditasiyasına Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) cavabdehdir. Bu qurumun əsas məqsədi milli insan hüquqları təsisatlarının müstəqilliyini və effektivliyini təmin etmək, onların beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyətini gücləndirməkdən ibarətdir. Alyans dörd regional şəbəkə - Afrika, Şimali və Cənubi Amerika, Asiya-Sakit okean və Avropa üzrə fəaliyyət göstərir və hər bir region üzrə milli təsisatların əlaqələndirilməsini təmin edir. Akkreditasiya prosesi Alyansın Akkreditasiya üzrə Alt Komitəsi (SCA) tərəfindən milli insan hüquqları təsisatlarının fəaliyyətinin Paris Prinsiplərinə uyğunluğunun qiymətləndirilməsi əsasında həyata keçirilir. 

Ombudsman təsisatlarının fəaliyyətinin əsaslarını müəyyən edən mühüm beynəlxalq hüquqi sənədlərdən biri də Avropa Şurasının Venesiya Komissiyası (Hüquq Vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası) tərəfindən 2019-cu il martın 15-də qəbul edilmiş "Ombudsman Təsisatının Müdafiəsi və Təşviqi üzrə Prinsiplər"idir (bundan sonra - Venesiya Prinsipləri). Venesiya Prinsipləri ombudsman təsisatlarının müstəqilliyini, səlahiyyətlərini, fəaliyyət metodlarını və maliyyə təminatlarını, habelə bu təsisatların demokratiyanın, qanunun aliliyinin, yaxşı idarəçiliyin möhkəmləndirilməsində, insan hüquq və əsas azadlıqlarının müdafiəsi və təşviqində rolunu müəyyən edən əsas sənədlərdəndir.

Venesiya Prinsiplərinə əsasən, ombudsman təsisatları fəaliyyətlərinin həyata keçirilməsi üçün kifayət qədər və müstəqil büdcə vəsaiti ilə təmin olunmalı, bu vəsait onların vəzifə və funksiyalarının tam, müstəqil və səmərəli qaydada icrasını təmin etmək zərurətinə adekvat olmalıdır. Bununla yanaşı, ombudsman təsisatları üçün ayrılmış büdcənin maliyyə ili ərzində azaldılması da istisna edilir. Sənəddə xüsusilə vurğulanır ki, ombudsmanların büdcəsinin müstəqil maliyyə auditi keçirilərkən onun mandatının icrası ilə bağlı prioritetlərin seçilməsi deyil, yalnız maliyyə icraatının qanuniliyi nəzərə alınmalıdır.

Prinsiplərdə təsisatın fəaliyyətinin təşkili məqsədilə kifayət qədər işçi heyətə malik olması və işçilərin, habelə müavin (və ya müavinlərin) ombudsman tərəfindən bilavasitə təyin edilməsi, onların funksional toxunulmazlığa malik olmaları ombudsmanın müstəqilliyinin əsas təminatlarından biri kimi qeyd olunur.

Beləliklə, ombudsmanın müstəqilliyi onun institusional mövqeyini, səlahiyyətlərinin həyata keçirilmə imkanlarını və cəmiyyətdə nüfuzunu müəyyənləşdirən əsas meyardır. Milli insan hüquqları təsisatlarının beynəlxalq səviyyədə statusunu müəyyən edən normaların tələblərini nəzərə almaqla, ombudsmanın müstəqilliyinin əsas meyarlarını aşağıdakı kimi qruplaşdırmaq olar: 

1. Hüquqi statusun ən yüksək səviyyədə təsbit olunması - ombudsmanın mandatı və fəaliyyəti güclü hüquqi bazaya əsaslanmalı və konstitusion səviyyədə təsbit olunmalıdır. Ombudsmanın fəaliyyəti və funksiyaları ilə bağlı digər məsələlər başqa qanunlarla da müəyyən edilə bilər. Eyni zamanda Ombudsman təsisatına yüksək status verilməli və qanunvericiliklə adekvat sosial təminatlar nəzərdə tutulmalıdır. 

2. Seçkili olması və səlahiyyət müddətinin dəqiq müəyyən edilməsi -  ombudsman qərəzsizliyini, müstəqilliyini və legitimliyini maksimum dərəcədə təmin edəcək, qanunvericiliklə dəqiq müəyyən olunmuş prosedurlara uyğun olaraq, parlament tərəfindən müvafiq səs çoxluğu ilə seçilməlidir. Ombudsmanın səlahiyyət müddəti dəqiq müəyyən edilməli, bu müddət əsas etibarı ilə 7 ildən az olmamalı və yalnız bir dəfə təkrar seçilmə imkanı olmalıdır. Ombudsman yalnız qanunla müəyyən edilmiş aydın və əsaslandırılmış şərtlər siyahısına (bu şərtlər ən dar çərçivədə müəyyən edilməlidir) və xüsusi proseduralara uyğun olaraq vəzifədən azad edilə bilər. 

3. Maliyyə müstəqilliyi - Ombudsman təsisatlarına vəzifə və funksiyalarını tam, müstəqil və effektiv şəkildə yerinə yetirməyə imkan verəcək qədər adekvat büdcə ayrılması təmin edilməlidir. Maliyyə müstəqilliyi büdcədən zəruri vəsaitin ayrılması ilə yanaşı, bu vəsaitə ombudsman tərəfindən müstəqil qaydada sərəncam verilməsini də nəzərdə tutur.  O, növbəti maliyyə ili üçün büdcə layihəsinin müzakirəsinə cəlb edilməli və məsləhətləşmələr aparılmalıdır. Təsisat üçün təsdiqlənmiş büdcə maliyyə ili ərzində azaldıla bilməz. Bununla yanaşı, ayrılmış büdcə əvvəlki illərdən az ola bilməz. Ombudsmanın büdcəsi üzrə müstəqil maliyyə auditi zamanı yalnız maliyyə prosedurlarının qanuniliyi nəzərə alınmalı, mandatın icrası zamanı prioritet seçimlərinə müdaxilə edilməməlidir.

4. İnstitusional-inzibati müstəqillik - Ombudsman Aparatının kadr siyasətini, daxili strukturunu, iş rejimini və fəaliyyət planlarını sərbəst şəkildə müəyyən etməsi imkanlarını nəzərdə tutur. Ombudsman təsisatı öz funksiyalarını effektiv həyata keçirməsi üçün kifayət qədər kadr və texniki resurslarla təmin olunmalıdır. Ombudsman işçilərini, o cümlədən müavinlərini sərbəst şəkildə vəzifəyə təyin və azad edə bilməli, daxili qərarları heç bir icra orqanının təsiri olmadan qəbul etməlidir. Struktur vahidlərinin - məsələn, regional ofislərin yaradılması da bu müstəqilliyin bir hissəsi kimi qiymətləndirilir. 

5. Funksional müstəqillik -  ombudsman insan hüquqlarının bütün spektrini əhatə edən səlahiyyətlərə malik olmalı, fəaliyyətində heç bir dövlət orqanı və siyasi təsirdən asılı olmamalıdır. Funksional müstəqillik ombudsmanın öz mandatı çərçivəsində istənilən dövlət orqanının fəaliyyətini araşdıra bilməsi, rəsmi məlumatlara, o cümlədən məxfi və qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatlara çıxış əldə etməsi, habelə təklif və tövsiyələr verməsi ilə bağlıdır. Bu həmçinin binalara, müəssisələrə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə maneəsiz giriş hüququnu da əhatə edir. Ombudsman müəyyən edilmiş müddət ərzində rəsmi şəxslərdən və orqanlardan cavab tələb etmək hüququna malik olmalıdır ki, bu da öz növbəsində təsisatın funksional nüfuzunu təmin edir. Ombudsmanın məhkəmə hakimiyyəti ilə bağlı səlahiyyətləri yalnız bu sistemin prosessual səmərəliliyinin və inzibati fəaliyyətinin təmin olunması ilə məhdudlaşdırılır. 

6. Toxunulmazlıq - Səlahiyyət müddəti ərzində ombudsmanın toxunulmazlığı (bu toxunulmazlıq onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf və elektron yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir), habelə xidməti fəaliyyətlərinin həyata keçirilməsi zamanı əməkdaşlarının toxunulmazlığı təmin edilməli, inzibati və ya hüquqi təzyiqlərdən qorunmalı və yalnız qanuni əsaslarla məsuliyyət daşımalıdır. Ombudsman, müavinləri və qərarverici heyət üzvləri təsisatda rəsmi vəzifələrin icrası zamanı həyata keçirdikləri fəaliyyətə, habelə yazdıqları və səsləndirdikləri fikirlərə görə toxunulmazdır və bu toxunulmazlıq onların vəzifədən getmələrindən sonra da qüvvədə qalmalıdır.  

7. Hesabatlılıq və şəffaflıq - ombudsman təsisatlarının fəaliyyəti barədə şəffaf hesabatlılıq mexanizmləri mövcud olmalı, bu hesabatlar ictimaiyyətə açıq olmalı və dövlət orqanları tərəfindən ciddi nəzərə alınmalıdır. Ombudsmanın hesabatlılığı dedikdə onun hər hansı dövlət qurumu qarşısında cavabdehliyini və hesabatlı olmasını deyil, onun fəaliyyətində şəffaflığı və ictimaiyyəti məlumatlandırması öhdəliyini nəzərdə tutur.

Ombudsmanların müstəqilliyinin institusional əsasları sırasında onların geniş mandata malik olmaları da xüsusi önəm daşıyır. Bu baxımdan, səlahiyyətlərin genişləndirilməsi və gücləndirilməsi istiqamətində davamlı işlərin aparılması zəruridir. Xüsusilə də, qanunvericiliyin təkmilləşdirilməsi prosesində ombudsmanların rolunun gücləndirilməsi onların parlament və hökumətlə bərabərhüquqlu tərəfdaş kimi tanınmalarına imkan yaradır. Bu status ombudsman təsisatlarını digər dövlət qurumlarının təsirlərindən qoruyur və hüquqyaratma fəaliyyətində müstəqil qurum kimi mövqeyini möhkəmləndirir. 

Paris Prinsiplərinin əsas tələblərindən biri də məhz milli insan hüquqları təsisatlarının qanunvericiliyin təkmilləşdirilməsində rolunu, habelə milli qanunvericiliyin insan hüquqları sahəsindəki beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını, onların ratifikasiyasını və ya həmin sənədlərə qoşulmağı təşviq və təmin etməklə bağlıdır. 

Digər tərəfdən, Venesiya Prinsiplərində ombudsmanların parlamentə və ya icra hakimiyyəti orqanlarına normativ hüquqi akt layihələrinin qəbul edilməsi və ya onlara dəyişiklik edilməsi ilə bağlı təkliflər verməsi, habelə yeni qanunların qəbul edilməsi ilə əlaqədar parlamentə müraciət etməsi əsas prinsiplər sırasında göstərilir. 

Müvafiq beynəlxalq sənədlərdə ombudsmanın qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirakı ilə bağlı mandatı müəyyən edilsə də, bəzən bu mandat əsasında rəy və təkliflərin ağlabatan müddətlərdə reallaşdırılması mümkün olmur, prosesə təsir imkanları isə məhdud olur. Bu baxımdan, beynəlxalq normalarda ombudsmanların "qanunvericilik təşəbbüsü hüququ"nun verilməsi ilə bağlı imperativ tələbin təsbit olunması ombudsmanların bu sahədə fəaliyyətinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına zəmin yarada, rəy və təkliflərin, habelə yeni normativ hüquqi akt layihələrinin vaxt itkisinə yol verilmədən, operativ qaydada aidiyyəti quruma təqdim edilməsinə və həmin qurum tərəfindən onlara təxirəsalınmadan baxılmasına imkan verə bilər ki, bu da insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir.

Sanksiyaların tətbiqi insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən effektiv vasitələrdən biridir. Ombudsman təsisatlarının fəaliyyətində bu praktikanın tətbiqi hüquq-müdafiə mexanizmlərinin möhkəmləndirilməsinin, müvafiq qurumlar və vəzifəli şəxslər tərəfindən ombudsmanın təklif və tövsiyələrinin icra edilməsinin, habelə sorğularının cavablandırılmasının əsas təminatlarından biri kimi çıxış edə, mandatının gücləndirilməsinə və fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edə bilər. Burada məqsəd ombudsmanların tövsiyələrinin məcburi icraedici akta çevirmək deyil, sadəcə olaraq bu tövsiyələrin rədd edilməsinin əsaslandırılmasını və ya sorğuların cavablandırılmasını hüquqi öhdəlik kimi möhkəmləndirməkdir. 

Nümunə üçün qeyd olunmalıdır ki, Azərbaycan təcrübəsinə əsasən, dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarəti həyata keçirmək ombudsmanın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bununla əlaqədar olaraq, qanunvericiliyin tələblərinə əsasən, ombudsman, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini informasiya ehtiyatlarından istifadə qaydalarının pozulması; ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması; məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması; informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması; jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi; qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətinə malikdirlər. Bu səlahiyyətin tətbiqi informasiya əldə etmək hüququnun pozulması hallarının aradan qaldırılmasında effektiv bir vasitə olaraq tətbiq edilməkdədir. Bununla yanaşı, qanunvericiliyə əsasən ombudsmanın, milli preventiv və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə mane olmağa görə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti də təsbit olunmuşdur.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Azərbaycan ombudsmanın mandatının genişləndirilməsi və müstəqilliyinin gücləndirilməsi məqsədilə Ombudsman haqqında Konstitusiya Qanununa 2023-cü ildə 30-dan çox dəyişiklik edildi. Dəyişikliklərə əsasən, ombudsmanın "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyaları təsbit olundu, ombudsmanın fəaliyyət sferasına daxil olan subyektlərin dairəsi genişləndirildi, yerli, regional və beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etməsi, bu məqsədlə müqavilələr bağlaması, beynəlxalq qurumlarda təmsil oluna bilməsi ilə bağlı müddəalar rəsmən daxil edildi. İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyətləri genişləndirildi, habelə insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini aparmaq, rəy və təkliflər vermək üzrə mandatı müəyyən edildi. 

Müvafiq dəyişikliklər nəticəsində ombudsmanın müstəqilliyinin (maddə 5) əsasları, habelə sosial, maliyyə və digər təminatları da gücləndirildi. Bundan başqa, ombudsmanın seçilməsi ilə bağlı qaydalara da müvafiq dəyişikliklər edilməklə bu müddəaların Paris Prinsiplərinin tələblərinə tam uyğunluğu təmin edildi. 

Təsadüfi deyildir ki,  cari ildə Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 29-cu Baş Assambleyasında Azərbaycanın ombudsman təsisatı üzv təsisatların səs çoxluğu ilə assosiativ üzvlükdən tam üzvlüyə qəbul edildi. 

Beləliklə, qlobal çağırışlardan və yeni prioritetlərdən irəli gələrək milli insan hüquqları təsisatlarının statusunu və funksiyalarını müəyyən edən beynəlxalq normalara yenidən baxılması və müasir tələblərə uyğun qaydada təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, müvafiq beynəlxalq normalarda bu təsisatların maliyyə müstəqilliyinin təminatlarına dair effektiv və nümunəvi mexanizmlərin müəyyən edilməsi, rəqəmsallaşma və süni intellektin tətbiqinin geniş vüsət alması ilə əlaqədar ombudsmanların rəqəmsal hüquqlar, kiber-məxfilik (xüsusən də süni intellektin tətbiqi ilə bağlı şəxsi məlumatların qorunması hüququnun təmini) və alqoritmik şəffaflığın və ədalətin təmin edilməsi üzrə xüsusi mandatlarının (məsələn, monitorinq mexanizmi mandatının) müəyyən olunması, habelə fərdi məlumatların qorunması sahəsində mandatlarının gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində səlahiyyətlərinin genişləndirilməsi, rəy və təkliflərinin icrası mexanizmlərinin (təsir mexanizmlərinin) təkmilləşdirilməsi və möhkəmləndirilməsi, habelə ombudsmanların korporativ sosial məsuliyyət sahəsində mandatlarının ayrıca təsbit edilməsi məqsədəmüvafiq olardı.  

Nəticə olaraq qeyd olunmalıdır ki, ombudsman təsisatlarının institusional müstəqilliyi hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təmin olunmasının və cəmiyyətin dövlətə olan etimadının başlıca dayaqlarından biridir. Ombudsmanların müstəqilliyinin gücləndirilməsi onların effektiv fəaliyyətinin, insan hüquq və azadlıqlarının müdafiəsində real nəticələrin əldə olunmasının əsas şərtlərindəndir. Bu müstəqillik həm institusional, həm də funksional səviyyədə təmin edilməli, qorunması və möhkəmləndirilməsi üçün hüquqi, maliyyə, struktur və ictimai aspektlər üzrə davamlı işlər aparılmalıdır. Ombudsman təsisatlarının beynəlxalq standartlara uyğunlaşdırılması, onların siyasi neytrallığının təmin edilməsi və cəmiyyətin gözləntilərinə cavab verən bir model olaraq inkişaf etdirilməsi hüquq sisteminin bütövlüyünü və demokratik dəyərlərin dayanıqlılığının təminatıdır.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Избранный
34
azerbaijan-news.az

1Источники