RU

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənildi

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənildi

Dövlət ittihamçısı Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən Səudiyyə Ərəbistanı vətəndaşlarının 4 il azadlıqdan məhrum edilməsini istəyib.

"Report"un məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə əvvəl iclasda iştirak edə bilməyən şahidlərin ifadəsi elan olunub.

Sonra cinayət işi üzrə sənədlər tədqiq edilib və onların Şəhidlər xiyabanında çəkdiyi video məhkəmədə izlənilib.

Müdafiə tərəfi təqsirləndirilənlərin hərəkətlərində qəbirə qarşı hər hansı bir təhqir olmadığını bildirib.

Onlar məsələni dəqiqləşdirmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət veriblər.

Dövlət ittihamçısı ekspertizaya etiraz edərək bildirib ki, istintaqın sübutları yalnız video görüntülərdən ibarət deyil və şahidlər də həmin şəxslərin qeyri-etik hərəkətlər etdiyini deyiblər.

Məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyib.

Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsi başlayıb. Dövlət ittihamçısı çıxışında onların 4 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzanı çəkdikdən sonra ölkədən çıxarılmasını tələb edib.

İclasda zərərçəkən tərəfdən iştirak edən iki nəfər həmin şəxsləri bağışladıqlarını deyib.

Vəkillər çıxışa hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə iclası dekabrın 16-na təyin olunub.

Hadisə bu ilin avqust ayında baş verib.

İttihama görə, Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Şəhidlər xiyabanında bir neçə şəhid məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanılıb və üç şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Избранный
17
4
afn.az

5Источники