Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Ekspert bildirib ki, Azərbaycan 1997-ci ildə ÜTT-yə üzvlük üçün müraciət edib və bu müddət ərzində 22 ölkə ilə ikitərəfli danışıqlar aparıb, Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğızıstanla artıq protokollar imzalanıb. Lakin danışıqların bu qədər uzanması və hələ də yekun nəticənin əldə edilməməsi məsələsi həm daxili iqtisadi siyasətin xüsusiyyətləri, həm də beynəlxalq mühitin geosiyasi dinamikası ilə sıx bağlıdır.
Ekspert əlavə edib ki, ÜTT-yə üzvlüyün yalnız iqtisadi deyil, eyni zamanda siyasi dividentləri də Azərbaycan üçün əhəmiyyətlidir. Təşkilata qoşulmaq ölkənin beynəlxalq ticarət sisteminə tamhüquqlu inteqrasiya etdiyini təsdiqləyir və bu, Azərbaycanın regional nüfuzuna müsbət təsir göstərir. Cənubi Qafqazda Gürcüstan və Ermənistan uzun illərdir ÜTT-nin üzvləridir və Azərbaycanın da təşkilata daxil olması regionda daha proqnozlaşdırılan və rəqabətə açıq iqtisadi mühitin formalaşmasına xidmət edəcək. Bu addım həmçinin Azərbaycanın investorlar üçün daha etibarlı tərəfdaş kimi qəbul edilməsinə, eyni zamanda iqtisadi diversifikasiya siyasətinin daha sürətli irəliləməsinə dəstək olacaq.
"ÜTT-yə üzvlük beynəlxalq diplomatiya sahəsində də yeni imkanlar yaradır. Təşkilatın üzvü olmaq Avropa İttifaqı və ABŞ kimi qlobal güclərlə siyasi və iqtisadi dialoqun güclənməsinə şərait yaradır. Qaydalar və öhdəliklər sistemi Azərbaycanın hüquqi-institusional mühitində şəffaflığı artırdığı üçün bu, Qərb institutlarının ölkəyə daha yüksək səviyyəli siyasi etimad göstərməsinə gətirib çıxarır. Azərbaycan üçün bu proses yalnız iqtisadi liberallaşma deyil, həm də xarici siyasətdə manevr imkanlarının genişlənməsi deməkdir. Qarabağ münaqişəsindən sonrakı dövrdə Azərbaycan iqtisadi sahədə islahatların sürətləndirilməsini və regionda sabitlik yaradan aktor kimi mövqeyini möhkəmləndirməyi qarşısına məqsəd qoyub. ÜTT-yə üzvlük haqqında aktiv danışıqlar bu kontekstdə beynəlxalq ictimaiyyətə Azərbaycanın yeni iqtisadi mərhələyə keçdiyi və ticarət açıq-siyasi şəffaflıq prinsipini qəbul etdiyi mesajını verir. Lakin bu prosesin 1997-ci ildən bəri uzanmasının səbəbləri çoxşaxəlidir. İlk növbədə, Azərbaycanın uzun müddət enerji sektoruna əsaslanan iqtisadi model qurması ÜTT-yə inteqrasiya prosesini ləngidən əsas faktorlardan biri olub. Təşkilata üzvlük gömrük rüsumlarının azaldılmasını, daxili bazarın liberallaşdırılmasını və bəzi proteksionist mexanizmlərin məhdudlaşdırılmasını tələb edir. Neft gəlirlərinin yüksək olduğu illərdə hökumət xarici rəqabətin yerli istehsala mənfi təsir edə biləcəyini düşündüyündən prosesin sürətləndirilməsi prioritet olmayıb. Digər mühüm səbəb qeyri-neft sektorunun 1990 və 2000-ci illərdə kifayət qədər inkişaf etməməsi idi. İstehsal bazası zəif olduğu üçün ÜTT-nin rəqabət mühiti yerli sənayelər üçün ciddi risk yaradırdı. Buna görə də Azərbaycan uzun illər proteksionist siyasəti qorumağa üstünlük verirdi," - deyə Ə. İbrahimova qeyd edib.
Siyasi şərhçi bildirib ki, geosiyasi konfiqurasiya da mühüm rol oynayıb. Azərbaycan Rusiya, Türkiyə, Avropa İttifaqı və ABŞ arasında balanslaşdırılmış siyasət yürüdür və bu balansın incəlikləri bəzən ÜTT prosesinə təsir göstərib. Rusiya ilə iqtisadi əlaqələrdə koordinasiya, həmçinin Avrasiya məkanında inteqrasiya təşəbbüsləri müəyyən dövrlərdə üzvlük danışıqlarının tempini aşağı salıb. Qarabağ münaqişəsi də prosesə ciddi təsir göstərib. Müharibə şəraiti genişmiqyaslı iqtisadi-hüquqi islahatların aparılmasını çətinləşdirib və ÜTT-yə üzvlükdən əvvəl tələb olunan qanunvericilik uyğunlaşmalarının həyata keçirilməsini ləngidib. 2017-ci ildə son danışıqların keçirilməsindən sonra prosesin dayanması isə bir tərəfdən iqtisadi prioritetlərin dəyişməsi, digər tərəfdən pandemiya dövründə qlobal ticarət sistemində yaranan qeyri-müəyyənliklə bağlı idi. 2020-ci il müharibəsi və ondan sonrakı yenidənqurma mərhələsi də diqqətin başqa sahələrə yönəlməsinə səbəb olmuşdu. Bütün bu amillərə baxmayaraq, hazırda Azərbaycanın ÜTT-yə üzvlüyə daha yaxın olduğu görünür.
"Ölkənin qeyri-neft sektorunu genişləndirmək, ixracı artırmaq və beynəlxalq iqtisadi sistemlə tam inteqrasiya olmaq istəyinin güclənməsi danışıqların yeni mərhələyə keçdiyini göstərir. ÜTT-yə üzvlük Azərbaycanın xarici siyasətinə əlavə siyasi legitimlik qazandıracaq, regional iqtisadi təsirini artıracaq və ölkənin qlobal iqtisadi nizamın daha aktiv iştirakçısına çevrilməsinə şərait yaradacaq. Bu isə həm dövlətin uzunmüddətli strategiyası, həm də post-münaqişə dövrünün tələbləri baxımından mühüm əhəmiyyət daşıyır," - deyə ekspert sonda əlavə edib.
Lamiyə Cəbrayılova