RU

“Hərə bir sponsoru vurub qoltuğuna... Yusif Ağayev Şuranı daha sərt tələblər qoymağa çağırdı

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Audiovizual Şura bu məsələni çoxdan, lap çoxdan qaldırmalı idi, amma gec də olsa, mmüsbət addımdır".

Bunu "Yeni Sabah"a uzun illər televiziya aparıcılığı ilə tanınan, lakin son dövrlər efirdən uzaq olan Yusif Ağayev bildirib.

Audiovizual Şuranın son 2 həftəlik monitorinqində telekanallarda 3 minə yaxın yad sözə rast gəlinib. 

Şuranın sədri İsmət Səttarov bildirib ki, təkcə "okey" sözünü aparıcılar 104 dəfə işlədib.

Yusif Ağayevin sözlərinə görə, Audiovizual Şura bu məsələni çoxdan gündəmə gətirməli idi:

"Problemin 2 tərəfi var: birincisi, gündəlik həyatda işlədilən ifadələrin efirlərə yol tapması, ikincisi isə aparıcıların verilişdə sanki yayımda yox, çayxanada, evdə və ya dost-tanış əhatəsində olmaları kimi özlərini zənn etmələridir.

Efirə gələn qonaqlar belə bəzən əcnəbi dildə danışırlar. Hətta bir xanım Xalq artistimiz var, "уже" (uje), "всё" (vsyo) sözlərini işlətməyi sevir”.

Sabiq aparıcı təkcə aparıcıların deyil, mahnı və reklamlardakı yad sözlərin də dilə mənfi təsir etdiyini bildirib:

“Bəs mahnılarımız? Axı onlarda da əcnəbi ifadələr var. Bu yaxınlarda bütün ölkəni lərzəyə gətirən bir mahnıda əcnəbi ifadə var idi. Nitqimizə hakim kəsilən "talant", "professional", "lüstr", "stol", hətta bu yaxınlarda radioda reklam çarxında eşitdiyim "çeki gətirin" və ya "matras" ifadələri... Saymaqla bitmir.

Yaxşı, aparıcı əcnəbi ifadə işlədir, bəs bu reklam çarxını tərtib edən, səsləndirən, montaj edən, təsdiq edən hara baxır?! Belə çıxır ki, ana dilimizi media vasitəsiylə də bərbad hala salırlar”.

Y. Ağayev həmkarlarının nitq səviyyəsini qənaətbəxş hesab etməyib:

“O ki qaldı aparıcıların dil mədəniyyətinin yüksəldilməsinə, bir neçə barmaqla sayıla bilən aparıcını çıxmaq şərti ilə digərlərinin nitqi qənaətbəxş deyil. Niyə?! Soruşun, sonuncu dəfə nə vaxt mütaliyə etmisən? Cavab verə biləcəkmi? Əlbəttə, yox! Kitabla aran yoxdur, heç olmasa, savadlı jurnalistlərimizin, aparıcıların çıxışlarını izlə.

Evimizi yıxan-sosial şəbəkələr...  “TikTok” haqda sərt danışmışdım, məni az qala daşqalaq etmişdilər! Efirə savadlı, dünyagörüşü olanlar cəlb olunmalıdır! Bazar adamı 2 ədəd sponsoru vurur qoltuğuna, çıxır efirə. Reallıq budur!

Hə, bax, bunun da başqa tərəfi var: özəl kanallar özləri maliyyələşdirilir, burda da sponsor varlığı mütləqdir. Reytinq naminə sponsor çıxıb getməsin deyə verilişin geniş tamaşaçı kütləsindən ayrılmaması üçün istənilən “qeyri-adi” vasitələrə əl atılır! Burda da kanalları qınamaq olmur, bax elə bu da necə deyərlər "medalın o biri, görünməyən üzüdür".

Sonda Yusif Ağayev Audiovizual Şuranı daha sərt tələblər qoymağa çağırıb:

“Çox istərdim hörmətli Audiovizual Şura tele-radio şirkətlərin qarşına sərt, olduqca sərt bir şərt qoysun: yalnız savadlı, intellektual səviyyəsi yüksək, ictimai-siyasi aləmdən xəbərdar, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi  təmsil etməyi bacaran təkcə aparıcılar yox, redaktor, yaradıcı insanları işə götürsünlər!  Ümid edirəm, ölmərəm, həmin günü görərəm...”

Əsmətxanım Rzazadə 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
1
yenisabah.az

2Источники