BAKI, 9 dekabr. TELEQRAF
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru, 1971-ci il təvəllüdlü Zərifə Sevdimalıyeva işə düzəltmə adı ilə pul alaraq dələduzluq etməkdə təqsirli bilinib və məhkəmə tərəfindən həbs edilib.
Teleqraf xəbər verir ki, istintaq müəyyən edib ki, Sevdimalıyeva qulluq mövqeyindən istifadə edərək iki nəfəri aldadıb.
Onlardan mərkəzdə dezinfektor vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib 3000 manat və 1500 manatlarını ələ keçirib.
Məhkəmə zamanı Sevdimalıyeva təqsirini etiraf edib, vurulan ziyanı qismən ödədiyini və peşman olduğunu bildirib.
Məlum olub ki, təqsirləndirilən şəxs 2024-cü ildə işdən çıxarılıb. Həmin müddət ərzində onun başqa şəxsləri də eyni vədlə aldatdığı məlum olub. Sevdimalıyeva barəsində daha əvvəl də cinayət işi açılıb və bu ilin əvvəlində məhkəmənin qərarı ilə şərti cəza verilibmiş.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilərək dərhal həbs edilib.