ain.az, Bizimyol saytına istinadən bildirir.
Ana südü - bu iki sözün içində möcüzə gizlənib. Ana südü körpə üçün ən vacib ideal və mükəmməl qidadır. Bu, sadəcə bir qida deyil, həyatın özüdür. Uşaq dünyaya göz açan andan etibarən onun ilk qidası, ilk təması, ilk sevgisi məhz ana südü ilə başlayır.
Tibbi araşdırmalar illərdir sübut edir ki, ana südü körpənin immunitetini gücləndirir, onu bir çox infeksiyalardan qoruyur. Bundan başqa ana ilə uşaq arasında qurulan bağ, o ilk baxış, ilk toxunuş - bunların hamısı psixoloji baxımdan da böyük önəm daşıyır. Eyni zamanda gəlin baxaq, ana südünün tərkibində olan faydalı enzimlər məhz nə üçün körpəyə vacibdir?
6 aydan etibarən ana südündə amilaza enzimi artır. Bu əlavə qida dönəmində körpənin artıq karbohidratlı yeməkləri daha asan həzm etməsinə kömək edir. Eyni dönəmdə lizozim adlı antibakterial enzim yüksəlir. Beləcə körpə kəşf etmək üçün ağzına aldığı hər şeydə bu enzim sayəsində qorunmağa davam edər. Süd miqdarı 6 aydan etibarən əlavə qida almağı ilə pillə-pillə olaraq azalmağa başladıqca, ana südündəki immünoqlobulinler (orqanizmin immum sistemi tərəfindən istehsal olunan xüsusi zülallardır) kimi immun faktorlarının səviyyələri artır. Yəni azalan süd miqdarına rəğmən körpə qorunmağa davam edir. Laktasiyanın ikinci ilində ana südünün tərkibindəki yağ, zülal və enerji səviyyələri daha konsentrat olur. Yəni süd, uşağın böyüdükcə artan qida və enerji ehtiyaclarını qarşılayacaq şəkildə dəyişir. Bu, ana südünün tərkibinin zamanla uyğunlaşma qabiliyyətinin elmi sübutudur.
Təəssüf ki, bəzi analar ya məlumat azlığından, ya da cəmiyyətin təzyiqindən bu nemətdən erkən imtina edirlər. Halbuki, ana südü pulsuzdur, təbiidir. Təbliğat, maarifləndirmə daha güclü olmalıdır.
Tədqiqatlar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda infeksion xəstəliklərə yoluxma riski azalır, piylənmə, şəkərli diabet, allergiya kimi xroniki xəstəliklərin görülmə ehtimalı daha az olur.
Süd verən bir ana yalnız öz uşağını yox, bütöv bir cəmiyyətin gələcəyini bəsləyir. Ana südünü təşviq etmək - sağlam nəsil, sağlam gələcək deməkdir.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.