RU

Altay türklərində qəhrəmanlıq dastanları

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 8 dekabr, AZƏRTAC

Altay türklərində qəhrəmanlıq dastanlarına “kay” (kaylap) deyilir. Dastan söyləyən sənətkara isə “kayçı” adı verilir. Bu terminlərin bağlı olduğu “kay” sözü insanın sinəsindən çıxan səs mənasını daşıyır və Tıvalıların “Kömeý (Hömeý)” adlanan boğaz oxumalarını xatırladır. Dastan söyləmək “kaylamak” feili ilə ifadə olunur. Kaylar 2 minlə 7–8 min misra arasında dəyişən mənzum əsərlərdir.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Altay türklərinin dastanları ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Dastanın həcmindən asılı olaraq söylənməsi bəzən 4–5 gün, hətta bir həftə çəkə bilir. Kayçılar xüsusilə uzun qış gecələrində, bayramlarda, toy və şənliklərdə kay söyləyirlər. Altay kayçıları dastan danışarkən bədən dilindən və davranışlardan da istifadə edir, bir növ qəhrəmanla özünü eyniləşdirirlər. Kayçı insanlarla yanaşı həm maral, quş kimi müxtəlif heyvanların obrazına girə bilir. Onlar müxtəlif alətlərdən istifadə edərək döyüş səhnələrini auditoriyaya təqdim edirlər. Bəzən təsir gücünü artırmaq üçün hətta makiyajdan da istifadə edirlər. Kayçılıq ənənəsi əsasən iki istiqamətdə özünü göstərir. Onlardan biri Altay, Tuba və Telengit kayçıları səsi sinədən çıxarırlar, digəri isə Kumandu, Çalkandı və Bayat kayçıları səsi damaqdan çıxarırlar.

Demək olar ki, hər varlığın “iye” adlanan qoruyucu ruhunun olduğuna inanan Altay türkləri, dastanın da “kay iyesi” adlı ruh tərəfindən qorunduğunu düşünürlər. Bu iye, söyləyici uzun müddət kaylamadıqda onu çağırır. Kayçı dastan söyləyərkən həm öz səsinin, həm də çaldığı musiqi alətinin səsinin kay iyesi və Altay Kuday tərəfindən dinləndiyinə inanır. Kayçı adətən dastana başlamazdan əvvəl giriş hissəsində özünü dinlədiyinə inandığı Altay iyesinə minnətdarlıq bildirir və deyəcəyi kay üçün ondan yardım istəyir. Bu bir növ Azərbaycan aşıq sənətidə də tanrıçılıqla bağlıdır. Azərbaycan aşıqları da qədim ənənəyə sadiq qalaraq məclisi “divani” ilə açır, üzlərini ilahi aləmə tutaraq “Ya İlahi, ya Mövlam, ya Rəsul, ya Şahi-Mərdan, səndən mədəd” – deyə məclisə başlamaq üçün icazə istəyirlər. Bəzən aşıqlar “Ya Əli, ya Mədəd, səndən kömək”, “Ya Mədəd, ya Rəsul, səndən mədəd”, “Ya bir Allah, Ya Məhəmməd, Ya Əli” kimi müraciətlərlə də məclisin başlanması üçün artıq formalaşmış ənənəyə əməl edirlər. Bu, Tanrıya inamın, ondan icazə və qüvvət almağın, həmçinin ədəb-ərkanın göstəricisidir. Aşıqlar dua edərkən əllərini göyə qaldırmaqla Tanrının ucalığını və Onun göy üzü ilə bağlılığını ifadə edirlər. Altay kayçıları Anadolu aşıqları kimi sənəti əsasən bir ustanın yanında öyrənirlər. Kayçı olmaq başqa bir yolla – yuxu vasitəsilə də mümkündür. Ortaq Türk aşıq ənənəsində olduğu kimi burada da yuxuda Pir, Xızır və ya Yar tərəfindən badə verilməsi motivi var. Altaylarda yuxu vasitəsilə kayçı olanlara “eyelü kayçı” deyilir. Kayçı yuxuda “arjan eyezi” (su iyesi) və ya “tayga eyezi”nin (dağ iyesi) ona göründüyünü söyləyir. Tarixən Altay dastançıları insanların və döyüşçülərin ruh yüksəkliyini artırmaq kimi funksiyalar da yerinə yetiriblər. Aşiq kimi kayçı da səyyar sənətkardır və bir çoxları yalnız bu sənətlə dolanırdı.

Kaylar adətən musiqi aləti – ümumiyyətlə topşur – müşayiəti ilə təqdim olunur. Dastana başlamazdan əvvəl kayçı bir müddət topşur çalır. Kaylar həm nəğmədən (melodiyadan), həm də “kojon” (koşon) adlanan şeirlərdən ibarətdir.

Избранный
28
azertag.az

1Источники