RU

Vüqar Kərimov: Daha dəqiq hidrometeoroloji proqnozların verilməsi istiqamətində hazırlıq işləri görülür

Bakı, 8 dekabr, AZƏRTAC

Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin qorunması sahəsində innovasiyaların tətbiqi fəaliyyətə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət müasir formanın, yeni metodların, texnologiyaların, vasitələrin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov dekabrın 8-də parlamentdə keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

Nazir müavini bildirib ki, hazırda ötən 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasına keçirilməsi və texniki standart baxımından eyniləşdirilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, Milli Hidrometeorologiya Xidməti tərəfindən təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün 3 ədəd dopler radar sistemləri quraşdırılıb. Meteoroloji radiolokatorlar təhlükəli hadisələrlə müşayiət olunan konvenktiv buludluq haqqında etibarlı diaqnostik məlumatlar əldə etməyə imkan verir. Leysan, dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, 1-3 saatlıq hava proqnozlarının hazırlanması üçün ən son texnoloji üsullardan istifadə edir və milyon sətir məlumatın generasiya və təhlil olunması kimi funksional imkanlara malikdir.

“Növbəti mərhələ üçün bu böyük həcmli məlumatların da açıq məlumat dəsti olaraq opendata.az portalında dərc olunması planlaşdırılır. Həmçinin bu məlumatlardan daha dəqiq hidrometeoroloji proqnozların verilməsi, eləcə də növbəti mərhələdə ölkəmizin sahib olduğu super kompüterlərlə emal olunması istiqamətində hazırlıq işləri görülür. Eləcə də kənd təsərrüfatı üçün lazım olan atmosfer çirklənmələri və təbii mühitin radiasiya fonu üzrə məlumatların da növbəti ildən məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

Избранный
36
1
azertag.az

2Источники