RU

Elektron jurnal və gündəlik sistemi məktəb həyatına nizam, şəffaflıq və müasirlik gətirir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 8 dekabr, Sevda Cəfərova, AZƏRTAC

Elektron jurnal və elektron gündəlik sistemi son illər məktəblərimizdə təhsil prosesinə tamamilə yeni nəfəs gətirib. Bu layihə şagird-müəllim-valideyn üçbucağında həm şəffaflıq, həm operativlik, həm də daha güclü əməkdaşlıq yaradır. Artıq davamiyyət, tapşırıqlar, qiymətlər, müəllim qeydləri – hamısı bir platformada görünür və heç bir məlumat itib-batmır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib.

G.Əkbərova bildirib ki, bu sistem müəllim üçün böyük rahatlıqdır. Kağız işləri azalır, qeydiyyat daha sistemli olur, vaxt qazanılır və müəllim daha çox öz əsas işinə – dərsə, şagirdlə işə fokuslana bilir. Şagirdlərin də bu yenilikdən razılıq hissi var. Çünki onlar texnologiya ilə böyüyür və nəticələrini anında görmək onların motivasiyasını artırır. Hər bir şagird öz irəliləyişini daha aydın görür, məsuliyyət hissi formalaşır.

Onun sözlərinə görə, valideynlər üçün elektron gündəlik həm rahatlıq, həm də güvəndir. Onlar övladlarının təhsil prosesinə daha yaxın olurlar, məlumatları gecikmədən əldə edirlər və məktəblə əlaqələri daha şəffaf olur. Amma prosesdə kiçik çətinliklər də olur. Bəzən internetin zəif işləməsi sistemə daxil olmağı çətinləşdirir. Elə olur ki, müəllim də, şagird də, valideyn də məlumatı vaxtında daxil edə bilmir.

Digər tərəfdən, hər kəsin rəqəmsal bacarığı eyni səviyyədə deyil. Bəzi valideynlərin elektron sistemə uyğunlaşması üçün əlavə izahata ehtiyacı olur. Bəzən şagirdlər də platformada nəyin harada olduğunu başa düşməkdə çətinlik çəkirlər, xüsusən də ibtidai siniflərdə. Bu hallarda müəllimin dəstəyi, məktəbin qısa təlimlər keçməsi və valideynlərlə daha sıx ünsiyyət qurması çox vacib olur.

“Sonda demək istəyirəm ki, bütün bu kiçik çatışmazlıqlara baxmayaraq, elektron jurnal və gündəlik sistemi təhsilin ümumi keyfiyyətini yüksəldir, məktəb həyatına nizam, şəffaflıq və müasirlik gətirir. Kiçik problemlər isə zamanla, düzgün dəstək və mexanizmlərlə tam aradan qalxa biləcək məqamlardır.

Bir sözlə, bu sistem təhsilin gələcəyinə açılan qapıdır. Bəzən açarı bir az çevirib uyğunlaşdırmaq lazım olur, amma qapının arxasında bizi daha güclü bir tədris mədəniyyəti gözləyir”, - deyə o fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
azertag.az

2Источники