
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-1” yaşayış kompleksində faciəvi yanğın hadisəsi baş verib. Hadisə kompleksin çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb. İlkin məlumatlara görə, yanğın axşam saatlarında başlayıb və qısa müddətdə mənzilin müəyyən hissələrinə yayılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları təxminən 13 m² sahədə yanıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdıraraq digər mənzillərə keçməsinin qarşısını ala biliblər.
Lakin yanğın ağır nəticələrə səbəb olub. Hadisə zamanı eyni ailənin 3 üzvü və bir nəfər köməyə gələn qonşu olmaqla 4 nəfər həyatını itirib. Ölənlərdən ikisinin azyaşlı uşaq olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb.
AFN.az xəbər verir ki, “Qobu Park-1” yaşayış kompleksi məcburi köçkünlər üçün tikilib və 2018-ci ildə istifadəyə verilib. Kompleks "Kristal" tikinti şirkəti (əvvəlki adı “Kristal Abşeron”) tərəfindən inşa olunub. Açılışdan sonra burada məskunlaşan sakinlər dəfələrlə binaların keyfiyyətindən narazılıq ediblər. Onlar mənzillərdə elektrik naqillərinin keyfiyyətsizliyi, izolyasiya və təhlükəsizlik standartlarının pozulması, həmçinin binanın ümumi konstruktiv problemləri ilə bağlı müxtəlif şikayətlər səsləndiriblər.
Sakinlərin iddiasına görə, kompleksin istifadəyə verildiyi ilk illərdən etibarən qəzalı vəziyyət yarada biləcək nasazlıqlar barədə aidiyyəti qurumlara müraciətlər olunub, lakin problemlərin tam aradan qaldırılması təmin edilməyib. Son baş verən yanğın hadisəsi isə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Hazırda hadisə yerində ekspertiza və istintaq tədbirləri davam etdirilir.