RU

Ölən 13 yaşlı qızın telefonunda tapılan qeydlər ailəni sarsıtdı

“Gecə hamı yatıb, sonra...” – bu cümlə təkcə bir ailənin deyil, bütöv cəmiyyətin qorxu ilə üzləşdiyi reallığı göstərir. Azyaşlıların intihar halları son illər narahatlıq doğuracaq səviyyəyə çatıb. Bəs bu təhlükənin qarşısını necə almaq olar?

 

Problemin kökü: Uşaq nəyi içində saxlayır?

Bugünkü yeniyetmələrin psixoloji yükü əvvəlki nəsillərlə müqayisədə daha ağırdır. İnformasiya bolluğu, sosial şəbəkə təzyiqi, ailə daxilində ünsiyyət çatışmazlığı, məktəbdə zorakılıq, tənhalıq hissi bütün bunlar uşaqların içində görünməz şəkildə böyüyən boşluq yaradır.

Uşaqlar çox vaxt dərdini demir, gizlədir. Tez-tez rast gəlinən fikirlər: “Anamı narahat etmək istəmədim.”, “Atam məni anlamaz.”, “Mənimlə maraqlanmırlar, mən kiməm ki…”, “Həyatım heç kimə lazım deyil.” Bu cümlələr telefon qeydlərində, səs yazılarında, şagird dəftərlərində ən çox qarşılaşılan çağırışlardır.

 

Valideynlər övladını necə qorumalı?

Uşağa nəzarət yox, şəfqətli dialoq lazımdır.
Onunla bir günün necə keçdiyi barədə sakit və kənar müdaxilə olmadan söhbət etmək riskin 50 faizini azaldır. “Bu gün nə səni sevindirdi?”, “Nə səni yordu və ya kədərləndirdi?”, “Sənə kömək edə biləcəyim bir şey varmı?” Bu sadə suallar uşağın özünü dəyərli hiss etməsinə səbəb olur.  Telefon və sosial şəbəkələrə nəzarət gizli yox, açıq şəkildə, uşağın şəxsi məxfiyyətini pozmadan, onun emosional təhlükəsizliyini qorumaq lazımdır. Açıq danışmaq vacibdir:
“Biz telefonuna baxmaqla sənə nəzarət etmirik, səni qorumaq istəyirik.”

Bullying, depressiv səhifələr, özünü zədələmə trendləri uşaqlar üçün təhlükəli mühit yaradır. Bir çox intihar edən uşaqlar məktəb psixoloqu ilə heç vaxt danışmayıb. Müəllimlər, psixoloqlar və valideynlər arasında üçtərəfli əməkdaşlıq vacibdir.  Əlamətləri vaxtında görmək lazımdır. Aşağıdakı davranışlar xəbərdarlıq siqnalıdır: Birdən-birə özünə qapanma, yuxu pozuntuları, səbəbsiz ağlama, “Mən yoruldum”, “Hər şey mənasızdır” kimi cümlələr, özünü cəzalandırma davranışları, davranışda kəskin dəyişiklik

Bu əlamətlər adi yorğunluq kimi görünə bilər, amma ciddi şəkildə diqqət tələb edir.

Uşağı intihar hallarından qorumaq üçün valideyn hər zaman “nə hadisə baş verirsə versin mən sənin yanındayam, sən mənim ən dəyərlimsən” kimi cümlələri işlədilməlidir. Uşağın ən çox ehtiyacı olan cümlə: “Səni olduğun kimi qəbul edirəm.” Tənqid, müqayisə, danlama  uşağın özünü dəyərsiz hiss etməsinə səbəb olur.

Övladlarınıza həyat bacarıqları öyrədilməli, problem həll etmə, duyğu idarəsi, stresslə mübarizə, məktəbdə və sosial mühitdə öz fikrini ifadə edə bilmə qabilliyətini aşılamalısınız. Bu bacarıqlar intihar riskini aşağı salır.

 

 

Cəmiyyət nə etməlidir?

Məktəblərdə mütəmadi psixoloji seminarlar keçirilməlidir.

Valideynlər üçün maarifləndirici təlimlər təşkil edilməlidir.

İntihara meyilli uşaqlar üçün anonim qaynar xəttlər gücləndirilməlidir.

Media intihar xəbərlərini sensasiya kimi deyil, maarifləndirici şəkildə təqdim etməlidir.

 

13 yaşlı qızın telefonunda tapılan qeydlər bir ailənin faciəsidir, lakin bu faciə yüzlərlə valideyn üçün siqnaldır. Uşaqların intihar riski yalnız mütəxəssislərin problemi deyil  bu, ailənin, məktəbin, medianın və cəmiyyətin ortaq məsuliyyətidir. Onları qorumağın yolu sevgi, anlayış, dəstək və diqqətdir. Ən çətin anlarında yanlarında olduğumuzu hiss etsələr, heç bir uşaq çıxış yolunu belə acı bir yerdə axtarmaz.

Qızım bir dəfə məndən soruşmuşdu: “Ana olmaq nə deməkdir?”
Bu sualı gözləmədiyim üçün bir anlıq duruxdum və tez cavab verdim:
“24 saat oyaq qalmaq deməkdir, qızım.”

Həqiqətən də ana-ata olmaq yalnız fiziki qayğı deyil, daim oyaq olmaq, diqqətdə olmaq, hiss etmək və övladını sevərək qorumaq deməkdir. Valideynlər övladlarına təkcə körpəlik vaxtı yox, məktəbli dövründən tutmuş gənclik illərinə qədər hər zaman diqqət etməlidirlər.

Gecə-gündüz yorulmadan, sevə-sevə yanında olmaq valideynliyin ən gözəl, ən ağır, amma ən müqəddəs tərəfidir.

“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyin sədri Gülnarə Vəlixanlı

 

Избранный
59
qht.az

1Источники