RU

3 Dekabr – Əlilliyi Olan Şəxslərin Beynəlxalq Günü: Bayram yox, məsuliyyət və öhdəlik günü

3 Dekabr dünyada Əlilliyi Olan Şəxslərin Beynəlxalq Günü kimi tanınır.

Bu tarix BMT tərəfindən 1992-ci ildə təsis edilib və əsas məqsədi cəmiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarına, onların qarşılaşdığı çətinliklərə və sosial inklüzivliyin vacibliyinə yönəltməkdir. Bu günün yaradılması təsadüfi qərar deyildi: dünya ölkələri başa düşdülər ki, milyonlarla insan hələ də bərabər imkanlardan məhrumdur, sosial həyatda iştirak etməkdə, təhsilə və işə çıxışda ciddi baryerlərlə üz-üzədir.
3 Dekabr heç vaxt bayram kimi nəzərdə tutulmayıb. Bu tarixin mahiyyəti – təbrik etmək, “bayramınız mübarək” demək deyil. Əksinə, bu cür yanaşma əlilliyi olan şəxslər üçün həm yersizdir, həm də təhqiramiz qəbul oluna bilər. Çünki problem əlillikdə yox, əlilliyə sahib insanların qarşılaşdığı sistemli maneələrdədir. Və bu gün məhz həmin maneələrin aradan qaldırılması üçün ictimai, sosial və dövlət səviyyəsində öhdəliklərin xatırladıldığı gündür.

Bu günün yaranma səbəbi nə idi?
BMT bu günü təsis edərkən əsas məqsəd üç istiqaməti gücləndirmək idi:
1.    Hüquqların tanınması və müdafiəsi.
Əlilliyi olan şəxslər cəmiyyətin hər bir üzvü kimi bərabər hüquqlara malikdir – bu, müzakirə mövzusu deyil.
2.    İnklüzivlik və iştirak.
Əlilliyi olan insanlar sosial, iqtisadi və mədəni həyatda tam iştirak edə bilməlidir.
3.    Stereotiplərin aradan qaldırılması.
Əlillik insanın çatışmazlığı yox, cəmiyyətin maneələrinin nəticəsidir.
Bu günün mahiyyəti – ictimai şüuru gücləndirmək, mövcud problemləri görünməzlikdən çıxarmaq və həll yolları üzərində düşünməyə vadar etməkdir.


Bu günün mahiyyəti budur: Bayram deyil, məsuliyyətdir.

Bu gün təbrik günü deyil.
Bu gün – diqqət, dəyişiklik və öhdəlik günüdür.

 

Aydın Xəlilov

Əlillik məsələləri üzrə ekspert, “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri

Избранный
42
qht.az

1Источники