Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya “reparasiya krediti” kimi istifadə etməsi, Rusiyanın müharibə elan etməsi üçün qanuni əsas ola bilər. O vurğulayıb ki, vəsaitlərin geri qaytarılması artıq “məhkəmə yolu ilə deyil, real reparasiyalar vasitəsilə” baş verə bilər.
Tribuna.az xəbər verir ki, bundan əvvəl Avropa Komissiyası Kiyevə 210 milyard avroya qədər maliyyə ayrılmasını təklif edib. Bu məbləğin 140 milyard avrosu Rusiyanın Mərkəzi Bankına məxsus və Euroclear-da dondurulmuş aktivlərdən ibarətdir. Vəsaitin bir hissəsi Ukraynanın müdafiəsinə, digər hissəsi isə kreditlərin bağlanmasına və büdcə xərclərinə yönəldiləcək. Qərarın qəbul edilməsi üçün Aİ ölkələrinin kvalifikasiya olunmuş çoxluq səsi tələb olunur.
Belçikanın baş naziri Bart de Vever bildirib ki, Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirəsi beynəlxalq təcrübəyə ziddir və bu, Moskvanın və digər ölkələrin cavab addımlarına səbəb ola bilər. ABŞ isə bəyan edib ki, dondurulmuş aktivlər Ukrayna ilə sülh razılaşmasından sonra geri qaytarılacaq.
İmran Kərimli