ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Yerli televiziya və radioların gəlirləri azalmaqda davam edir, xarici rəqəmsal platformalar isə reklam bazarında üstünlük qazanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı texnobloger Fərid Pərdəşünas bu vəziyyətin səbəblərini və medianın çıxış yollarını şərh edib.
Pərdəşünas bildirib ki, "Facebook", "Google" və "Meta"ya məxsus tətbiqlər kimi qlobal platformalar reklam bazarında əsas oyunçulara çevrilib. Onlar medianın trafikini özlərinə yönəldərək, reklam gəlirlərini birbaşa əldə etməyə çalışırlar. Ekspertin sözlərinə görə, medianın çıxış yolu rəqabət qabiliyyətli və yaradıcı məzmun istehsal etməkdir. Yerli media artıq saytlar əvəzinə sosial şəbəkə kanallarına fokuslanaraq məzmunu monetizasiya edir və reklam gəliri əldə edir.

Xarici rəqəmsal platformaların reklam bazarını ələ keçirməsinin medianın iqtisadi dayanıqlığına təsirini Pərdəşünas belə qiymətləndirir: "Medialar öz biznes modelləri üzərində dayanıqlı olmalı və müasir trendlərə uyğunlaşmalıdır. Sosial media platformalarında mövcudluq və fərqli monetizasiya metodlarından istifadə brendlərin yerli media ilə əməkdaşlığını artırır."
Rəqəmsal vergi və media fondu ilə bağlı sualı cavablandıran ekspert qeyd edib ki, Azərbaycanda rəqəmsal verginin tətbiqinə ehtiyac yoxdur: "Xarici reklam platformalarına ödəniş zamanı fiziki şəxslərdən 18% ƏDV tutulur, hüquqi şəxslər isə ödəmə mənbəyində vergi ödəyirlər. Bu, tamamilə vergiləşdirilmiş prosesdir."
Yerli kontentin artırılması üçün konkret addımlar barədə Pərdəşünas bildirib: "Medialar yaradıcı məzmun və yerləşdirmə reklamına fokuslanmalıdır. Sosial şəbəkələrdə kanal yaratmaq və brendlərlə birbaşa əməkdaşlıq ən etibarlı çıxış yoludur. Brendlər artıq standart reklam əvəzinə məzmun yerləşdirməyə üstünlük verirlər."
İnformasiya təhlükəsizliyi ilə bağlı ekspert medianın rolunu belə qiymətləndirir: "İzləyicini öz platformalarında saxlamaq və xarici platformalara çıxışı minimuma endirmək üçün rəqabət qabiliyyətli və yaradıcı məzmun istehsal etmək lazımdır."
Dövlət dəstəyinin medianın problemlərini həll edib-etməyəcəyi barədə isə Pərdəşünas vurğulayıb: "Dövlət dəstəyi əlavə yük yaradır və problemləri həll etmir. Medialar öz biznes modelləri üzərində güclü olduqda həm rəqabət, həm də dayanıqlılıq təmin edilir. Məqsəd, Azərbaycana gələn reklam gəlirlərini yerli mediamıza yönəltməkdir. Mənim yanaşmam dövlət dəstəyinə deyil, biznes gücünə əsaslanır."
Afət ZİYADQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.