Bakı, 4 dekabr, AZƏRTAC
Prezident Donald Tramp sələfi Cozef Baydenin ABŞ avtomobil istehsalçılarını və istehlakçılarını elektrik avtomobillərinə keçidini təşviq etmək üçün qoyduğu sərt mühərrik səmərəliliyi və yanacaq qənaəti tələblərinin ləğv edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Donald Trampın sözlərinə görə, bu standartların ləğvi ABŞ-da daxiliyanma mühərrikli avtomobillərin istehsal xərclərini azaldacaq.“Biz amerikalı istehlakçılar üçün xərcləri azaltmaq, avtomobil sənayesində iş yerlərini qorumaq və avtomobil almağı daha əlverişli etmək üçün addımlar atırıq. Cozef Baydenin ağır məhdudiyyətlər qoyan və avtomobil istehsalçıları üçün problemlər yaradan gülünc standartlarını rəsmi olaraq ləğv edirik”, - deyə Birləşmiş Ştatların dövlət başçısı jurnalistlərə bildirib.
Qeyd edək ki, 2024-cü ildə Cozef Bayden administrasiyası yeni avtomobillər üçün yanacaq səmərəliliyinin illik 2 faiz yaxşılaşdırılması barədə standartlar təyin edib. Həmin standartlara uyğun olaraq 2031-ci ilədək yeni istehsal olunan hər bir avtomobil bir gallon (3,8 litr) yanacaqla 50 mil məsafə qət etməli idi. Donald Tramp bu tələbi gallon üçün 35 milə endirib.
Ağ Evin mətbuat xidməti bəyan edib ki, sərt standartların ləğvi amerikalılara qarşıdakı beş il ərzində 109 milyard dollar qənaət etməyə imkan verəcək və daxiliyanma mühərrikli avtomobilin orta qiymətini min dollar ucuzlaşdıracaq.