RU

Rusiya İran və Suriya kimi Venesuelanı da “taleyinə” buraxdı...


Mehman İsmayılov: “Putinin əmri ilə Rusiya vətəndaşlarının Venesuela ərazisindən tələm-tələsik çıxarılması Rusiyanın növbəti xəyanətidir”

ABŞ və Venesuela arasında günü-gündən gərginlik artır. İddialara görə, ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya son xəbərdarlıq edərək onun ölkəni tərk etməsini istəyib.

İki ölkə arasında gərginliyin davam etdiyi bir vaxtda prezident Putinin əmrilə Rusiya vətəndaşlarını Venesueladan təxliyə etməyə başlayıb. Məlumatlara görə, Rusiyanın vətəndaşlarının Venesueladan təxliyə edilməsi məqsədilə Venesuelaya Rusiyadan xüsusi uçuşlar təşkil olunur. Rusiya mediasında yayılan və beynəlxalq rezonans doğuran bu xəbər müzakirələrə səbəb olub. Rusiyanın ABŞ-ın qarşısında Venesuelanı tərk etdiyi barədə fikirlər irəli sürülür.

Baki-xeber.com-un məlumatına görə, xüsusi uçuşlar təkcə turistlər deyil, həmçinin Venesuelanın daha da qarışa biləcəyi ehtimalına qarşı ölkəni tərk etmək istəyən hökumət rəsmiləri, iş adamları və hökumətə yaxın şəxslər üçün nəzərdə tutulub.

Rusiyanın tur şirkətlərindən biri isə Venesuelaya turist səfərlərinin gələn ilin fevralına qədər dayandığını bildirib.

ABŞ prezidenti Donald Tramp Venesuelanın və bölgənin hava məkanının tam bağlanacağı xəbərdarlığının ardında müharibə təhlükəsinin artması fonunda, Çin və Rusiyanın Maduro administrasiyasını daha güclü şəkildə dəstəkləməməsi diqqət çəkir.

Baki-xeber.com “Wall Street Journal”a istinadən xəbər verir ki, bir neçə ay əvvəl İsrail və ABŞ-ın hücumlarının hədəfində olan İran da eyni şəkildə meydanda tək qalmışdı.

“Hər zaman öz müttəfiqlərindən geosiyasi alver predmeti kimi istifadə edib”

Məsələyə şərh verən politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu, Rusiyanın tarixində onun ilk satqınlığı deyil: “Rusiya hər zaman öz müttəfiqlərindən geosiyasi alver predmeti kimi istifadə edib. Bu gün Putinin əmri ilə Rusiya vətəndaşlarının Venesuela ərazisindən tələm-tələsik çıxarılması Rusiyanın növbəti xəyanətidir. Keçən əsrin 90-cı illərinin əvvəllərində ABŞ-ın başçılığı ilə kollektiv Qərb koalisiyası İraqa hərbi müdaxilə etmə məsələsini BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxaranda heç gözlənilmədən ABŞ-la ideoloji düşmən olan Sovet İttifaqı Birləşmiş Ştatların rəhbərliyi ilə koalisiya qüvvələrinin İraqa müdaxiləsinə səs verdi. İraqı satdılar. Sonra məlum oldu ki, Qorbaçov hakimiyyəti və Yevgeni Primakov İraqın satılmasından 2 milyard dollar pul götürüblər. Bu yaxınlarda baş verən 12 günlük İsrail-İran müharibəsində də Rusiya İranı satdı. Rusiya üçün müttəfiqlik anlayışı yoxdur. Bu dövlət əlində nə varsa ondan silah kimi istifadə edir, müttəfiqi varsa onu satacaq. Ona görə də, Venesuela prezidentinin taleyin ümidinə buraxılması Moskvanın ənənəvi xəyanətkar siyasətidir. Amma orda söhbət başqa şeylərdən gedir”.

M.İsmayılov qeyd etdi ki, Venesuela neft ölkəsidir, ancaq bu ölkənin çıxardığı neft ağır neft olduğu üçün onun boru kəmərləri vasitəsilə nəql edilməsi çətindir, ona nafta adlı bir maddə gərəkdir: “Venesuela nafta maddəsini Çindən, yaxud Hindistandan almaq barədə düşünsə də, amma Rusiyanın üstündə dayandı. Ümumiyyətlə, Rusiya dünyada olan bütün diktatorların himayədarı kimi çıxış edir, sonra isə onların taleyi çətinə düşəndə həmin diktatorları baha qiymətə satır. Görünən odur ki, Putin-Uitkoff (dekabrın 2-də Rusiyada səfərdə olan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff-nəzərdə tutulur-İ.S) görüşündə Rusiya, əlbəttə ki, ABŞ-ın təzyiqi qarşısında Maduronu qurban verib Ukraynada nəsə qazanmaq istəyir. Kombinasiyanın məqsədi budur. Birləşmiş Ştatlar isə Venesuelanı öz çətirinin altına almaq məqsədi güdür. Venesuelaya həmin o nafta deyilən maddəni əsas etibarı ilə ABŞ ixrac edirdi, sonra onlar bu maddəni Rusiayadan idxal etməyə başladılar. Burada həm ticarət, həm geosiyasi maraqlar vardı. Amma Rusiya ABŞ-ın təzyiqi qarşısında müqavimət göstərmək gücündə deyil. O səbəbdən də Ukraynada nəyisə əldə etməyin xatirinə Maduronu bazara çıxarıb satır. Bu bir müddət sonra məlum olacaq. Amma məsələnin mahiyyəti və məqsədi ondan ibarətdir ki, Rusiya heç zaman öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bu gün Ukraynanın kəndlərini və şəhərlərini viranəyə çevirən Rusiya 1994-cü ilin dekabrında Budapeşt memorandumunu imzalayıb, Ukraynanın azadlığına, müstəqilliyinə və suverenliyinə qarant ölkə kimi çıxış edib. Həmin qarant ölkə bu gün Ukraynanı viran qoyub. Ona görə də Rusiyanın öhdəliyinin bir quruş dəyəri yoxdur. Bunu bütün dünya anlayır”.

İradə SARIYEVA

Избранный
65
46
baki-xeber.com

10Источники