Azər Həsrət: “Rusiya öz xarekterindən, xislətindən əl çəkməyəcəyini növbəti dəfə sübut edir”
Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub.
Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunur.
Rusiya mediasının yazdığına görə, azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.
Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevbu günlərdə "Brussels Signal" nəşrinə açıqlamasında məlum məsələyə toxunub: “Bu məsələlər həll olunan zaman, biz yanlış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”.
Görəsən, Azərbaycanın gərgin münasibətlər səhifəsini çevirmək istədiyi vaxtda bizim diaspor fəalını Rusiyada niyə həbs ediblər? Bunun arxasında Rusiya hakimiyyəti daxilində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyənlər dayana bilərmi?
“Münasibətlərin gərgin olduğu zamanda belə hadisələrin baş verməsi ondan xəbər verir ki, Rusiya düzələn deyil”
Siyasişərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın davranışlarını anlamaq çox çətindir: “Azərbaycan tərəfi münasibətlərin normallaşması üçün əl uzadır. Ölkəmiz münasibətlərin pozulmasında maraqlı deyil, bunun siqnallarını belə verir. Hikmət Hacıyevin son açıqlaması da buna dəlalət edir. Ancaq Rusiya əks hücuma keçir, azərbaycanlını həbs edir. Ola bilər kimsə deyə bilər ki, qanunsuzluğa görə həbs olunub. Ancaq bu kimi hadisələrin zamanlaması müəyyən suallara səbəb olur. Münasibətlərin gərgin olduğu zamanda belə hadisələrin baş verməsi ondan xəbər verir ki, Rusiya düzələn deyil. Rusiya öz xarekterindən, xislətindən əl çəkməyəcəyini növbəti dəfə sübut edir. Onların qabağından çəkilmək kimi fikrimiz olmayıb, olmayacaq da. Əlbəttə, Rusiyada yaşayan azərbaycanlıların sıxıntıları var və bu hal davam edəcək. Məlum vəziyyət illərdir davam edir. Bu səbəbdən də inanmıram ki, Rusiya düzələcək, buna qarşı hərəkət etməliyik”.
Günel CƏLİLOVA