RU

"Hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla vəsait çıxır"

"Müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalmaqdadır. Lakin son illər bu sahənin iqtisadi dayanıqlılığı müəyyən qədər sınaq qarşısında qalıb. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət televiziya və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də "TikTok", "Meta", "Google" və digər resursların reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır".

Redaktor.az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirdi.

Onun sözlərinə görə, nəticədə yerli TV və radioların gəlirləri azalır:

"Televiziya və radio virtual məkanı deyil, real infrastrukturdur. Belə davam etdiyi təqdirdə, təbii ki, mövcud qurumların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün əlavə dövlət dəstəyinə ehtiyac qala bilər. Bu isə təbii ki, birinci növbədə büdcə üçün əlavə yük yaradır və eyni zamanda informasiya təhlükəsizliyi və yerli informasiya məkanının qorunması ilə bağlı müəyyən problemlərin ortaya çıxmasına zəmin yaradır. Hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla vəsait çıxır.

Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsində vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir, amma reklam gəlirlərinin əhəmiyyətli hissəsinə sahiblənirlər. Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyan təsisatdır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. Televiziyalar və radioların əməkhaqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri real xərclərdir. Amma rəqəmsal platformalarda xarici rəqəmsal platformalarda isə bu xərclərin əhəmiyyətli hissəsi demək olar ki, tələb olunmur. Bu isə mahiyyət etibarilə ədalətli rəqabətə yol açmır".

E.Mirzəbəyli qeyd etdi ki, bununla bağlı beynəlxalq təcrübədə müraciət etsək, mənzərə daha da aydınlaşır:

"Avstraliyada 2021-ci ildə xəbər mediası və rəqəmsal platformalar üçün "məcburi sövdələşmə" adlı qanun qəbul edilib. Qanunun əsas məqsədi media qurumları ilə böyük rəqəmsal platformalar, xüsusilə də "Google" və "Meta" arasında iqtisadi bərabərliyi təmin etməkdən ibarətdir. Nəticədə "Google" və "Meta" xəbər mediasına ödəniş etməyə məcbur edilib. Fransada dövlət reklam kvotası var. Yəni Türkiyədə hər kəsin bildiyi kimi, yenə də media üçün vergi və reklam dəstəyi tətbiq olunur. 2019-cu ildən Cümhurbaşkanlığı strateji reklam təlimatı prinsiplərinə əsasən həyata keçirilir. Cənubi Koreyada rəqəmsal platforma vergisi tətbiq olunub. Bu ölkədə rəqəmsal xidmətlər vergisi qanununa əsasən 2020-ci ildən "Google", "Meta" kimi şirkətlərə rəqəmsal vergi tətbiq olunmaqdadır. Əldə edilən gəlir isə yerli media fondlarına yönəldilir. Bu baxımdan qənaətimə görə, məhz bu istiqamətdə, təbii ki, reklam bazarının qorunması istiqamətində addımların atılması da indiki şəraitdə zəruridir".

Aminə ŞAHSUVARQIZI

Избранный
132
50
redaktor.az

10Источники