Bakıda səhər və axşam saatlarında avtobuslar qrafikə uyğun işləməməklə yanaşı, çox vaxt dayanacaqda saxlamırlar. Saxlayanda da, ön qapını açıb, sərnişin mindirmirlər. Ancaq düşənlər üçün arxa qapını açırlar.
Bununla bağlı BAKU.WS-in "qaynar xətti"nə kütləvi şəkildə şikayətlər daxil olur. Belə şikayətlərdən biri də, 20 Yanvar küç. 1B ünvanında dayanacaqda avtobus gözləyən vətəndaşdan gəlib. Vətəndaş bildirib ki, saat 09:20-da 77-JR-187 nömrə nişanlı, 14 saylı avtobus dayanacaqda dayanıb, lakin ön qapını açıq sərnişin mindirməyib.
"Bununla bağlı sürücüyə irad bildirdik. O da "Zor eləyirəm, açmıram" kimi də sözlər deyib sərnişinlərə", - deyə şikayətçi bildirdi.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılacaq:
"Bununla bağlı daşıyıcıya xəbərdarlıq ediləcək və məsələnin araşdırılaraq zəruri tədbir görülməsi barədə tapşırıq veriləcək", - deyə qurumdan bildirilib.
Ziya SƏCCAD