Azərbaycan və Sloveniya iki ölkə arasında birbaşa hava əlaqəsinin açılmasına imkan verəcək sazişin imzalanması barədə danışıqlar aparır.
Newscenter.az xəbər verir ki, "Report"un "Ex-yu aviation news"ə istinadən məlumatına görə, bunu Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Han bəyan edib.
Onun sözlərinə görə, birbaşa reyslər iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün mühüm addım olacaq.
M.Han vurğulayıb ki, ölkələr arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və son illərdə xüsusilə logistika, nəqliyyat marşrutları, energetika, rəqəmsallaşma və əczaçılıq sahələrində əməkdaşlıq aktiv şəkildə artır.
Nazir xatırladıb ki, hal-hazırda Sloveniya və Azərbaycan arasında müntəzəm uçuşlar yoxdur, lakin müvafiq saziş üzrə danışıqlar davam edir: "Müntəzəm hava əlaqəsi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək".
Bundan əlavə, turist axını hələ də aşağı səviyyədə qalır: 2025-ci ilin yanvar-avqust aylarında Sloveniyadan Azərbaycana cəmi 553 turist səfər edib. Bu baxımdan nazir iki ölkənin turizm idarələrinə jurnalistlər, influenserlər və tur operatorları üçün tanışlıq səfərlərinin təşkili də daxil olmaqla, daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib.