Bakı, 27 noyabr, AZƏRTAC
Son illər Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində formalaşan yol-nəqliyyat kommunikasiyalarının modernləşdirilməsində əhəmiyyətli işlər görüb. Bu proses çərçivəsində Transxəzər nəqliyyat marşrutu üzrə müvafiq institusional baza yaradılıb. Eyni zamanda, həm dəmir yolu nəqliyyatı, həm də dəniz limanı infrastrukturu geniş şəkildə modernləşdirilib, müasir standartlara uyğunlaşdırılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Onun sözlərinə görə, Şimal-Cənub Dəhlizi çərçivəsində də böyük işlər görülüb, müasir sərhəd-keçid məntəqələri yaradılıb və bu istiqamətdə də proses davam edir. Sürətli dəmir yolu sistemi qurulur və tikinti işləri aparılır. Azərbaycan-İran sərhədində müvafiq körpülər və digər infrastruktur obyektləri inşa olunur ki, bunlar da Şimal-Cənub Dəhlizinin Azərbaycan hissəsində yüklərin ötürücülük qabiliyyətinin artırılmasına xidmət göstərəcək.
İ.Vəlizadə qeyd edib ki, gələcək illərdə Şimal-Cənub Dəhlizinin Azərbaycan hissəsinin yükötürmə qabiliyyətinin təxminən 30 milyon tona çatdırılması hədəflənir. Azərbaycan-İran-Rusiya razılaşmasını da bunun bariz nümunəsi kimi göstərmək olar. Əlbəttə, bu, vacib, lakin ilkin addımlardan biridir. Dəhlizin çoxtərəfli formatda institusionallaşdırılması mühüm mərhələdir. Bu addımdan sonra konkret layihələrin həyata keçirilməsi gözlənilir.
“Son günlərdə Rusiya tərəfi ilə imzalanmış niyyət protokolu da bunun göstəricisidir. Bu protokola əsasən, dəhliz çərçivəsində Azərbaycan və Rusiya arasında münasibətlərin rəqəmsallaşdırılması istiqamətində konkret layihələr həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı əməli işlər artıq aparılır. Digər tərəfdən, Rəşt-Astara xəttində də proseslər sürətlənir. Yaxın aylarda bu istiqamətdə konkret tikinti işlərinin başlanacağı gözlənilir. Zəngəzur dəhlizində də çox vacib işlər gedir. Dəhlizin istifadəsində həm Rusiya, həm də İran maraqlıdır. Xüsusilə Naxçıvan seqmentinin istifadəsi İran üçün böyük əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın apardığı siyasətin və illər ərzində həyata keçirdiyi işlərin bəhrə verdiyini göstərir. Şübhəsiz ki, yaxın illərdə həm bu işlərin, həm də hazırda imzalanan sənədlərin nəticələrini görəcəyik”, - deyə politoloq vurğulayıb.