RU

“Şimal–Cənub” razılaşması: Azərbaycan mövqeyini gücləndirir

Azərbaycan, İran və Rusiya üçtərəfli olaraq “Şimal–Cənub” nəqliyyat dəhlizində tariflərin uzlaşdırılması, blok‑qatarların hərəkəti və prosedurların təkmilləşdirilməsi üzrə Anlaşma Memorandumu imzalayıblar.
“Şimal–Cənub” dəhlizi Avropa ilə Cənubi Asiya, həmçinin Rusiya, Azərbaycan və İran vasitəsilə Hindistan və Körfəz ölkələrini birləşdirən strateji ticarət yoludur. Tariflərin harmonizasiyası və blok‑qatarların hərəkətinin standartlaşdırılması yük daşımalarını daha sürətli, ucuz və səmərəli edə bilər.
Bəs, bu razılaşma Azərbaycan, İran və Rusiyanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini necə gücləndirə bilər və region üçün hansı strateji nəticələr doğura bilər?
Siyasi şərhçi Azər Hüseynov NOCOMMENT.az-a açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri regional dövlətlərlə normal münasibətlərin qorunub saxlanılması və bu yolla ölkənin həm iqtisadi, həm də siyasi təhlükəsizliyinin təmin edilməsidir: “Təbii ki, zaman-zaman region ölkələrinin bir qismi ilə müəyyən problemlərin yaranması mümkündür və bu, geosiyasətin təbii tərkib hissəsidir. Lakin Azərbaycan rasional və pragmatik siyasət yürüdür. Sizin qeyd etdiyiniz məsələ ilə bağlı atılan addımlar da bir daha göstərir ki, Azərbaycan üçün əsas prioritet iqtisadi və siyasi təhlükəsizliyin möhkəmləndirilməsi, xüsusilə də bu kontekstdə regional dövlətlərlə əməkdaşlığın davam etdirilməsi və inkişafıdır.”
Azər Hüseynovun sözlərinə görə, bununla yanaşı, Azərbaycan regional əməkdaşlıq formatlarını yalnız təhlükəsizlik və iqtisadi maraqlar prizmasından deyil, həm də uzunmüddətli qarşılıqlı etimadın formalaşdırılması baxımından qiymətləndirir:
“Ölkə rəhbərliyi yaxşı anlayır ki, bölgədə sabitlik ancaq dialoq, qarşılıqlı fayda və balanslı siyasət əsasında mümkündür.
Bu səbəbdən Azərbaycan son illərdə nəqliyyat-logistika layihələri, enerji infrastrukturu, ticarət əlaqələri və humanitar əməkdaşlıq kimi istiqamətlərdə bütün qonşu dövlətlərlə ortaq maraqlara əsaslanan platformalar qurmağa üstünlük verir. Bu yanaşma həm region ölkələri arasında qarşılıqlı asılılığı artırır, həm də mümkün siyasi gərginliklərin qarşısını almağa yardım edir. Azərbaycanın çoxtərəfli əməkdaşlığa açıq olması və hər bir tərəfdaşla bərabərhüquqlu münasibətlər qurmaq istəyi ölkənin beynəlxalq aləmdə etibarlı və proqnozlaşdırıla bilən aktor kimi mövqeyini daha da gücləndirir”.
“Azərbaycanın müstəqilliyinə qarşı hər hansı qeyri-adekvat addım atılmadığı müddətdə ölkəmiz həm İran, həm də Rusiya ilə münasibətlərdə həmişə normal tərəfdaşlıq xəttini qorumağa çalışmışdır. Ümid edilir ki, bu normal münasibətlər iqtisadi platformada, o cümlədən qeyd etdiyiniz layihə vasitəsilə də davam edəcək. Hər bir halda, bu memorandum Azərbaycanın mövqelərinə müsbət təsir göstərəcək”,-deyə ekspert əlavə edib.
Избранный
52
nocomment.az

1Источники