RU

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak etdi

BAKI, 26 noyabr. TELEQRAF

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 25-26 noyabr tarixlərində Keniyanın Nayrobi şəhərində keçirilən 3-cü sessiyasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq tədbir çərçivəsində nümayəndə heyətləri və Keniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbər şəxslərinə WUF13 ilə əlaqədar brifinq təşkil olunub. 200-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Brifinqdə çıxış edən Anar Quliyev "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, Azərbaycanın beynəlxalq tərəfdaşlarla birgə qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax Foruma hazırlıq prosesi ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür edib, ölkəmizin qlobal şəhər gündəliyinə sadiqliyini və nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənzil təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.

Brifinqdən sonra mətbuat nümayəndələri ilə görüş keçirilib və WUF13-lə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sessiyanın gündəliyi çərçivəsində BMT-nin Məskunlaşma Assambleyasının "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunun ötən ay 2025-2026-cı illər üzrə həmsədrləri seçilən Azərbaycan və Somalinin adından Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Quliyevin məruzəsi dinlənilib. Məruzədə həmsədrlik dövrü ərzində bu prosesin irəli aparılması planları barədə məlumat verilib.

Noyabrın 25-də WUF13-ün ev sahibi Azərbaycanın adından sessiyada iştirak edən nümayəndə heyətləri və diplomatik korpusun rəhbərləri üçün rəsmi qəbul təşkil edilib.

Həmçinin sessiya ərzində sədr Anar Quliyev digər ölkələrin nümayəndə heyətlərinin başçıları ilə müzakirələr aparıb.

İki gün ərzində UN-Habitatın mənzil-qərargahında qurulan WUF13 tanıtım stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Tədbirlərdə Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev, Azərbaycan Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iştirak ediblər.

Избранный
25
6
teleqraf.com

8Источники