Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yaşayış xərclərinin artması bir çox işçini ikinci iş axtarmağa sövq edir. Azərbaycan qanunvericiliyinə görə, işçi eyni vaxtda iki və ya daha çox iş yerində əmək müqaviləsi bağlayaraq işləyə bilərmi? Əgər mümkündürsə, bunun üçün hansı hüquqi tələblər və məhdudiyyətlər mövcuddur?
Moderator.az-a danışan vəkil Vüsal Cəfərov deyib ki, əmək münasibətlərində əsas prinsip ondan ibarətdir ki, işçi, əmək müqaviləsi ilə müəyyən edilmiş iş rejiminə zidd olmadığı təqdirdə, əsas iş yerindəki iş vaxtını başa vurduqdan sonra həm həmin müəssisədə, həm də digər təşkilatlarda əvəzçilik əsasında əmək fəaliyyətini davam etdirə bilər:
“Əmək Məcəlləsinin 58-ci maddəsinə görə, işçinin əmək kitabçası yalnız əsas iş yerində saxlanılır. Buna görə də, əvəzçiliklə bağlanan müqavilə üzrə çalışılan müəssisə əlavə iş yeri hesab olunur, əmək kitabçasının olduğu müəssisə isə əsas iş yeri statusunu qoruyur. Əlavə iş yerində çalışan işçinin həftəlik iş saatı əsas normanın yarısını aşmamalıdır. Əgər əlavə iş əsas iş vaxtından kənarda həyata keçirilirsə, işəgötürəndən icazə tələb olunmur. Lakin əlavə iş, əsas iş yerinin müəyyən etdiyi iş rejiminə daxil olursa, bu halda işçinin işəgötürənə yazılı müraciət etməsi və icazə alması zəruridir.
Zərərli və ya ağır əmək şəraitində çalışan şəxslərin eyni xarakterli digər iş yerində çalışmasına yol verilmir. Bununla yanaşı, əlavə iş yerində fəaliyyət göstərən işçi ilə mütləq əmək müqaviləsi bağlanmalı və həmin müqavilə “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək hüquqi qüvvə qazanmalıdır”.
Mehin Mehmanqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.