RU

Azərbaycanın vizasız sazişlər paketi: diplomatik və iqtisadi üstünlüklər

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Məclisin birinci oxunuşda təsdiqlədiyi viza azadlığı sazişləri Azərbaycanın xarici siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Diplomatik və xidməti pasportlara tətbiq olunan vizasız rejim ilk baxışda texniki qərar təsiri bağışlasa da, əslində Bakının Afrika, Karib hövzəsi və Körfəz regionu ilə əməkdaşlıq xəttini genişləndirmək strategiyasının tərkib hissəsidir. Azərbaycan uzun müddət əsasən Avropa və postsovet məkanına yönəlmiş diplomatik əlaqələrini son illər qlobal miqyasda şaxələndirməyə başlayıb. Bu yeni sazişlər həmin xəttin institusional cəhətdən möhkəmləndirilməsinə xidmət edir.

Vizasız rejim diplomatik kanalların sürətlə işləməsinə, siyasi dialoqun daha çevik qurulmasına və yüksək səviyyəli nümayəndə heyətlərinin hərəkətinə şərait yaradır. Bu, Azərbaycan üçün həm yeni siyasi təsir imkanları, həm də regional və qlobal təşkilatlarda tərəfdaş dəstəyinin genişlənməsi deməkdir. Ticarət missiyaları, sərmayə danışıqları və humanitar əməkdaşlıq layihələrinin icrası da vizasız hərəkət sayəsində xeyli asanlaşacaq.

Xüsusilə Maldivlə ümumvətəndaş pasportları üçün vizanın ləğvi turizm sektorunda ciddi dinamika yarada bilər. Bu addım həm aviadaşımaların genişlənməsi, həm də yeni turist axınlarının cəlbi üçün mühüm stimul rolunu oynayacaq. Afrika və Asiya ölkələri ilə vizasız rejim isə Azərbaycanın qeyri-neft ixracı, logistika, energetika və humanitar diplomatiya sahələrində yeni bazarlara çıxış strategiyasını gücləndirir.

Viza tələbinin aradan qaldırılması Azərbaycan üçün sadəcə diplomatik jest deyil, uzunmüddətli siyasi nüfuzun artırılması, ticari əlaqələrin genişləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha çevik şəkildə qurulması baxımından strateji addımdır. Bu qərar ölkənin qlobal diplomatik xəritədə daha fəal və çoxşaxəli oyunçuya çevrilməsinin növbəti göstəricisidir.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
bakivaxti.az

2Источники