Türkiyə və Belarus Ukraynadakı münaqişənin tənzimlənməsində vasitəçi kimi konstruktiv rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və Belarus xarici işlər nazirliklərinin kollegiyalarının birgə iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Lavrov vurğulayıb ki, Moskva Belarus və Türkiyəni vasitəçilik platforması təmin edə bilən ölkələr kimi görür.
“Biz vasitəçi kimi konstruktiv rol oynaya bilən ölkələri görürük. Bunlara Belarus və Türkiyə daxildir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Türkiyə Prezidenti Ərdoğanla danışıb və o da platformanın yaradılmasına kömək etməkdə maraqlıdır”, - deyə o bildirib.
Sergey Lavrovun sözlərinə görə, Rusiyaya ABŞ Prezidenti Donald Trampın sülh planının rəsmi variantı təqdim edilməyib, lakin Moskva onun konkret ifadələrini müzakirə etməyə hazırdır. O qeyd edib ki, Rusiya tərəfi Vaşinqtondan ABŞ-ın Brüssel və Kiyevlə razılaşma prosesində aralıq hesab etdiyi sənədin variantını gözləyir.
Nazir ayrıca vurğulayıb ki, Fransa və Almaniyanın Ukrayna münaqişəsinin həllində hər hansı vasitəçiliyi barədə söhbət belə gedə bilməz, ABŞ-ın isə bu məsələ ilə bağlı mövqeyi qiymətləndirilir, çünki bu, “təşəbbüs göstərən yeganə Qərb ölkəsidir”.