Bakı, 25 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Xəzərin səviyyəsi son 1000 il ərzində mənfi 33-25 metr arasında dəyişib. Səviyyənin çox endiyi vaxtlarda sahil zonası genişlənib, nəticədə süni və ya təbii şəkildə meşələr yaranıb. Sonra yenidən dənizin səviyyəsi qalxdığı üçün həmin yaşıllıqlar suyun altında qalıb. Son günlərdə suyun çəkilməsindən asılı olaraq, həmin ağacların kötükləri yenidən Lənkəran sahillərində görünməyə başlayıb. Bu, Xəzərin səviyyə dəyişmələri üçün çox da fövqəladə hadisə deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
S.Səfərovun sözlərinə görə, 1995-ci ildən indiyədək Xəzər dənizində 2 metr 70 santimetr enmə qeydə alınıb. “Enmə prosesi sürətlə davam edir. Bunun əsas səbəblərindən biri Volqa çayında suyun kəskin azalmasıdır. 1938-ci ildən indiyə qədər Volqanın Xəzərə gətirdiyi suyun miqdarı orta hesabla 238 kubkilometr olduğu halda, son dörd ildə həmin rəqəm 210 kubkilometri ötmür. 2020-ci ildə göstərici 279 kubkilometr olmasına baxmayaraq, bu da Xəzərin səviyyəsinin qalxmasına təsir etmədi. Bu, o deməkdir ki, səviyyə tərəddüdü təkcə Volqa və digər çayların gətirdiyi su ilə əlaqədar deyil. Digər amillər də səviyyənin enməsinə təsir edir. Buna Xəzərin səthində buxarlanmanın artmasını misal göstərmək olar. Bu, həm temperaturun artması, həm də külək axınında baş verən dəyişikliklərlə də əlaqədardır. İlk baxışda küləyin səviyyə dəyişmələrinə təsiri çox qəribə görünsə də, elmi araşdırmalar nəticəsində bu, sübuta yetirilib. Hazırda Xəzərin səviyyə dəyişmələrinə təsir edən əsas amillər Volqanın və digər çayların gətirdiyi suyun miqdarının kəskin şəkildə azalması, qlobal temperaturun artmasına uyğun olaraq Xəzər dənizinin səthində buxarlanmanın kəskin şəkildə çoxalması və antropogen fəaliyyətdir”.
Coğrafiya elmləri doktoru bildirib ki, temperaturun qlobal, regional səviyyədə kəskin artması özü ilə bərabər antropogen amillərin təsirini də artırır. Temperatur artdıqca sudan istifadə də artır. Həm kənd təsərrüfatında, həm məişət sahəsində suya tələbat artdığı üçün bu problem get-gedə kəskinləşir. “Bunun qarşısını almaq çox çətin məsələdir. Lakin sudan daha qənaətlə istifadə etmək, mütərəqqi irriqasiya tədbirlərinə, metodlarına yiyələnməklə müsbət toxunuşlar etmək mümkündür”, - deyə o əlavə edib.
S.Səfərov deyib: “Dünya ölkələri qlobal istiləşmə ilə mübarizə tədbirləri görürlər. Qlobal istiləşmə ilə səmərəli mübarizə Xəzərin səviyyəsində yaranan problemlərin həll olunmasına da kömək edə bilər. Xəzərətrafı regionlarda, xüsusilə Rusiyada Volqa çayının su rejiminin qaydaya salınması, həddindən artıq su itkisinə yol verilməməsi lazımdır. Volqa üzərində 1950-ci illərdən sonra tikilmiş su anbarlarının sahəsi təxminən 36 min kvadratkilometrdir, suyun orada yığılması və digər amillər təsirsiz ötüşmür. Rusiya iqtisadiyyatının, kənd təsərrüfatının 50 faizindən çoxu Volqa hövzəsində yerləşir. Volqanın suyundan kvotaya uyğun şəkildə, digər ölkələri də nəzərə almaqla, Xəzərin səviyyəsində baş verən prosesləri gözardı etməməklə, istifadə edilməli və çayın normal axını təmin olunmalıdır”.